"Ən bəyəndiyim şey qrupdan çıxmaq üçün 1 xala ehtiyacımız olan matçda oyunçularımın qələbəyə oynamasıdır. İşlərimizin pis getdiyi dönəmdə qrupdan çıxmaq asan deyildi".
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Çelsi"nin baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Portu"ya 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri oyundan sonra deyib.
O, ÇL-in favoriti olmadıqlarını bildirib:
"Növbəti mərhələdə hər kəs bizimlə qarşılaşmaq istəyəcək. Çünki bizi ən zəif rəqib hesab edirlər. Təbii ki, turnirin favoriti deyilik. "Portu" və "İnter"i çalıştırdığım dönəmdə də favorit deyildik, ancaq Çempionlar Liqasının kubokunu qazandıq. "Çelsi"dəki ilk dönəmimdə və "Real"da işlədiyim vaxtlarda isə çempionluğa əsas namizədlərdən sayılmağımıza baxmayaraq, yarımfinalda uduzmuşduq".