"Yüngül atletika üzrə Rusiya yığması 2016-cı ildə keçiriləcək Olimpiya oyunlarında iştirak etməlidir".
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan gənclər və idman naziri Azad Rəhimov Rusiyanın TASS agentliyinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan bu məsələdə Rusiyanın tərəfindədir: "Biz dəfələrlə demişik ki, idman siyasətlə bağlı olmamalıdır. Bu ən əsasdır. Əgər bu proses siyasətlə bağlı olsa, onda biz dünyada ən gözəl olanı - idmanı öldürəcəyik. Bu məsələlərə baxdıqda adama elə gəlir ki, bütün bunar qəsdən edilir. Biz bu məsələdə Rusiyanın tərəfindəyik. Hərdən elə olur ki, laboratoriyada da səhv edirlər. Biz arzu edirik ki, rusiyalı idmançılar Rioda keçiriləcək oyunlarda iştirak etsinlər".
Qeyd edək ki, Ümumdünya Antidopinq Agentliyinin müstəqil komissiyası noyabrın 9-da Ümumrusiya Yüngül Atletika Federasiyasının, Moskva Antidoping Laboratoriyasının, Rusiya Antidopinq Agentliyinin və Rusiya idman nazirliyinin fəaliyyəti ilə bağlı aparılan araşdırmanın nəticələrini açıqlayıb. Yüngül Atletika Federasiyaları Beynəlxalq Assosiasiyası Şurası isə böyük səs çoxluğu ilə Rusiya yığmasının müvəqqəti olaraq beynəxalq tədbirlərdən uzaqlaşması qərarına gəlib.
Samir