Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri Mehriban Əliyevanın səyləri sayəsində ölkədə bu idman növü belə böyük yüksəkliklərə çata bilib. Bunu görməmək olmaz. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov deyib.
O bildirib: “Böyük fəxr hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan Gimnastika Federasiyası uğurlu yol keçib, yüksək nəticələr əldə edib və bunda Mehriban Əliyeva başda olmaqla Federasiya rəhbərliyinin, əməkdaşlarının, idmançılarının, məşqçilərinin, bu prosesdə iştirak edən hər kəsin böyük rolu var”.
Həsənov Bakıda keçirilmiş tarixdə İlk Avropa Oyunlarında azərbaycanlı idmançıların uğurlarını vurğulayıb. Azərbaycanlı gimnastlar 7 medal qazandılar, üstəlik respublikada nisbətən yaxın dövrlərdə inkişaf etməyə başlayan gimnastika növlərində.
Onun sözlərinə görə, istənilən idmançı, məşqçi, rəhbərlik nəticəni yaxşılaşdırmağı qarşısına məqsəd qoyur: “Buna görə də belə uğurlardan sonra bunu etmək getdikcə çətinləşir. Dünya arenasında bizimlə hesablaşırlar, bizi gimnastika ölkəsi kimi tanıyıblar. Beynəlxalq Gimnastika Federasiyasında (FIG) qeydiyyata alınmış yeddi növün hamısı bizdə təmsil olunub. Biz başlayanda ( Azərbaycan Gimnastika Federasiyası 2002-ci ildə yaradılıb) bizdə üç növ var idi. Hazırda dünya gimnastika prosesinin bərabərhüquqlu iştirakçısıyıq. Bizimlə hesablaşırlar, bizdən öyrənirlər, bütün qitələrdən idmançılar məşq və toplanış üçün bizə gəlirlər. Bu hələlik bədii gimnastikada baş versə də, ümid edirəm ki, Azərbaycanda gimnastikanın digər növlərində də belə olacaq”.
Vitse-prezident diqqətə çatdırıb ki, Federasiyanın yaxşı ab-havası, yaxşı kollektivinin olması çox vacib amildir: “Federasiyada qürurla qeyd etdiyim sistem yaradılıb. Bu sistem bizə yad elementləri uzaqlaşdırır. Bu təkcə idman deyil, bu sistem insani ünsiyyətdir. O elədir ki, hamı – rəhbərlikdən adi idmançıya, sıravi üzvədək – ümumi iş uğrunda çalışır. Hamı bir-birinin uğuruna sevinir. Həyatda bu cür tez-tez olmur. Lakin bizdə bu alındı və bunu qorumaq lazımdır. Nəticələrimizdən başqa, Federasiyada, idmançılar, xarici təlimatçılar, məşqçilər arasında belə ab-havanı yarada bilməyimizi çox vacib hesab edirəm. Bu, həqiqətən də bizim üçün vacibdir”.
O xüsusilə qeyd edib ki, Federasiyanın işi, Azərbaycan gimnastikasının uğuru gənclərin idman seksiyasına xeyli axınını təmin etdi. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin həmişə idman funksionerləri qarşısında qoyduğu əsas tapşırıqlardan biridir – insanlar idmana getməli, kütləvi idmanla məşğul olmalıdır və o zaman nəticə olacaq.
Qarşıdakı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiadasında azərbaycanlı idmançıların perspektivlərinə toxunan A. Həsənov deyib ki, belə səviyyəli yarışlarda iştirak idmançılar üçün həmişə çətin sınaq olub: “Əvvəlki Olimpiadalarda olduğu kimi Rioda da ağır mübarizə olacaq. İnanıram ki, gimnastımız Marina Durunda yaxşı çıxış edəcək”.
Vitse-prezident əlavə edib ki, Azərbaycanın qarşıdakı Olimpiadada iştirak üçün bədii gimnastika üzrə artıq bir lisenziyası var. İdman gimnastikasında gimnast Oleq Stepko da artıq bir lisenziya qazanıb və ikinciyə yol açıb. Apreldə Rio-de-Janeyroda sınaq turnirində Azərbaycanın daha bir gimnastı lisenziya qazanamaq üçün mübarizə aparacaq.
Həsənov bildirib: “Biz idman gimnastikasında medal qazandıq (Azərbaycan gimnastı Oleq Stepko Qlazqoda dünya çempionatında bürünc medala sahib çıxıb) və indi bizimlə hesablaşırlar, bizi “dayandırırlar”, çünki biz həmişə uğurlar qazanmış gimnastika ailəsinin üzvlərinə “təhlükə” yaratmağa başlamışıq”.
O, həmçinin idmançıların Olimpiadaya psixoloji hazırlığının vacibliyinə toxunaraq vurğulayıb ki, bu, ilk növbədə məsuliyyətə görə ən çətin yarışdır: “Bu, ən çətinidir, çünki idmançının belə böyük məsuliyyəti var – tarixə doğru bir addım. Orada hər şeyi saniyələr həll edə bilər. Buna görə də psixoloji hazırlıq çox vacib komponentdir, əlbəttə ki, idman hazırlığı da öz yerində”.
Vitse-prezidentin sözlərinə görə, Federasiya şübhəsiz ki, idmançılarından yaxşı nəticələr gözləyir, ancaq yarışların özü çox çətin olacaq.
Bədii gimnastikada perspektivlərə gəlincə, A. Həsənov deyib ki, 10 ildən artıqdır gimnastikanın bu növündə Azərbaycandan olan idmançılara münasibət dəyişməz olaraq qalır: “Bizi çox “sevirlər”. Mümkün olan hər şeyi edirlər ki, öz məharətimizi tan nümayiş etdirə bilməyək. Biz onu göstəririk, lakin həmişə layiqli qiyməti almırıq”.
O qeyd edib ki, idmançılar bədii gimnastikada təəssüf ki, karyeranı tez başa çatdırırlar və nəticənin olmaması dərin təəssüf hissi doğurur: “Buna baxmayaraq, biz möhkəmlənmişik. Biz hazırıq (...) Bir daha təkrar edirəm ki, ən dəqiq qiyməti almaq üçün hamıdan güclü olmalıyıq. Bunun üçün hamı çalışır - rəhbərlikdən sıravi üzvədək bütün Federasiya bu qələbə üçün töhfə verir”.
Həsənovun sözlərinə əsasən, bugünkü hədəf dünya miqyaslı idmançıların səviyyəsinə yüksəlmək, azərbaycanlı idmançıların adlarını tarixə yazdırmaq və Azərbaycan bayrağını həmişə yüksəyə qaldırmaqdır.
Azərbaycanda idman tədbirlərinə toxunan A. Həsənov vurğulayb ki, 2016-cı ildə Bakıda Dünya Kubokunun 3 mərhələsi keçiriləcək: “Fevralda idman gimnastikası üzrə, martda batutda tullanma üzrə, iyulda isə bədii gimnastika üzrə. Bu yarışlarda müxtəlif qitədən 25 ölkənin idmançısının iştirakı gözlənilir. Hazırda hazırlıq gedir və bu yarışların təşkili ən yüksək səviyyədə olacaq. Azərbaycanın belə tədbirləri təşkil etmək təcrübəsi artıq var, möhtəşəm Milli arena və kollektiv də var”.