28 Yanvar 2016 20:58
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zirə” klubunun kapitanı Rəşad Abdullayevin müsahibəsi

- Türkiyə toplanışınız necə keçdi? Komandanız çempionata hazırdır?

- Qış təlim-məşq toplanışı zamanı bütün çatışmazlıqları aşkar etmək olur. Toplanışımız uğurlu keçdi. Yaxşı rəqiblərlə yoldaşlıq oyunları keçirdik. Bu oyunlar həm fiziki, həm də taktiki cəhətdən qarşıdakı matçlarda bizə faydalı olacaq. Çempionata hazırıq.

- Yoxlama oyunlarında komandanız necə təsir bağışladı?

- Açığı, istədiyimiz kimi oynaya bilmədik. Çatışmayan cəhətlərimiz var idi. Hər oyunçuda səhvlər olur. Elə sınaq matçları da bu səhvləri aradan qaldırmaq üçündür. Məşqçilərimiz nəyin üzərində daha çox işləmək lazım olduğunu bildi.

- İlk yoxlama matçında Qazaxıstanın “Ordabaşı” klubuna 1:4 hesabı ilə uduzdunuz. Buna görə “Zirə” tənqid olundu.

- Düzdür, məğlubiyyət istənilən halda arzuolunan deyil. Qalib gəlsək, yaxşı olarıdı. Yoldaşlıq oyunundakı məğlubiyyət komanda üçün siqnaldı. Baxım, son oyunda güclü rəqibə qalib gəldik. Bizə nəticədən çox, oyunçuların durumunu öyrənmək lazım idi. İstər-istəməz yoldaşlıq oyunlarında komandada yorğunluq olmalıdır. Çünki fiziki məşqlər çox olur.

- Premyer Liqamızın növbəti turunda “İnter”lə qarşılaşacaqsınız.

- Start oyununa hazır olmaq lazımdır. “İnter” də yaxşı hazırlıq keçib. Heyətinə güclü futbolçular cəlb edib. Rəqibimiz həmişə yaxşı oyun göstərib. Çalışacağıq ki, fasilədən sonra ilk oyunumuzu qələbə ilə başa vuraq.

- “Zirə” “Qarabağ”ın iki futbolçusunu – Vüqar Mustafayev və Elviin Məmmədovu heyətinə cəlb etdi. Yeni futbolçular nə dərəcədə faydalı ola bilər?

- Tanıdığımız futbolçulardır. Yəqin ki, gücümüzə güc qatacaqlar. Komandaya yeni qüvvə lazım idi. Məşqçilər heyəti fasilədən sonra komandanı daha da gücləndirmək istəyirlər. Həm Vüqar, həm də Elvini yaxşı tanıyırıq. Təbii ki, onların da komandaya uyğunlaşması üçün vaxt lazımdır.

- Komandanız ilk iki dövrəni liderlər qrupunda başa vurdu. Bundan sonra 3-cü pilləni qorumaq nə dərəcədə asan olacaq?

- Əlbəttə ki, bundan sonra daha çətin olacaq. Çünki ilk dövrələrdə bütün komandalar bir-birini tanıdı. Hamı bilir ki, rəqibi nəyə qadirdir. Gəlib bu yerə çatmışıqsa, əziyyətimizi yerə vurmamalıyıq. Yerimizi qorumalıyıq. Təbii ki, asan olmayacaq.

- Futbolumuzda maliyyə problemi hökm sürür. “Zirə”də bu sarıdan vəziyyət necədir?

- Bəli, bu, ümumi problemdir. Biz də çalışırıq ki, vəziyyətdən bir yerdə çıxaq. Yaxşı günlər olduğu kimi pis günlər də olur. Klubun yanında olmaq lazımdır. Şükürlər olsun ki, ciddi problemimiz yoxdur.

- Futbolçular maliyyə məsələlərində kluba güzəşt etməyə hazırdır?

- Əlbəttə, biz artıq güzəşt etmişik. Mən futbolda hər şey görmüşəm. Klub bizə güvənib nəsə edibsə, biz də onlar üçün jest etməliyik. Hamıda çətinlik ola bilər. Bir problem olanda onu hamılıqla həll etməliyik.

Qol.Az


Müəllif: