31 Yanvar 2016 20:59
486

"Qəbələ"nin futbolçusu Ruslan Abışovun Almaniyada müalicəsi yekunlaşıb.

Teleqraf.com-un "Qəbələ İK"ya istinadən məlumatına görə, 29 yaslı müdafiəçi belindəki ağrılar üzündən komandasının Türkiyənin Antalya bölgəsindəki toplanışının ilk günlərində düşərgəni tərk etməli olub.

Müalicəsini Münhendəki klinikalardan birində aparan Abışov son durumu haqda danışıb: "Onurğa sütunumda 3 yırtıq var. Ağrılar dizimə verirdi. Buna görə müalicə olunmağım qaçılmaz idi. Artıq 2 həftədir Münhendə bərpa prosesi keçirəm. Müalicəm yaxşı gedir. Yanvarın sonunda Bakıya qayıdıb təkrar müayinə olunacağam. Cavablar yaxşı olsa, maksimum 1 həftəyə komandanın hazırlığına qoşulacağam. Bu, ilk növbədə fiziki durumumla bağlı olacaq”.

Abışov komanda ilə qış hazırlığını keçə biməməsinin ona ciddi problem yaratmayacağına ümid edir: "Doğrudur, çox istəyirdim ki, Antalya toplanışında iştirak edim. Ancaq zədə ilə əlaqədar hazırlıqdan kənarda qalmalı oldum. Ağrısız futbol oynamaq üçün çox darıxmışam. Bu zədə məndə çoxdan var idi və oyunuma pis təsir edirdi. Artıq tam sağalıb komandama kömək etmək istəyirəm”.


Müəllif: