"Bakıda keçiriləcək "Formula 1" üzrə Avropa Qran Prisinə hazırlıqla bağlı bütün işlər qaydasında gedir, heç bir problem yoxdur".
Bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.
Onun sözlərinə görə, hazırda 6 km məsafədə yolların dəyişdirilməsi prosesi gedir: "Bu proses zamanı paytaxt sakinlərinə problem yaratmamağa çalışırıq. Baxmayaraq, ki, 6 km məsafədə yollar dəyişir. Amma işlər yumşaq formada aparılır, tıxaclara yol vermirik. Ən əsası, betonlamadan öncə yollarda kommunikasiya xətlərinin dəyişdirilməsi işləri yekunlaşıb".
Nazirin sözlərinə görə, artıq yarış üçün 300 metr uzunluğu, 21 metr genişliyi və 2 mərtəbəli bina formasında padok sifariş olunub. Padok hazır şəkildə gələcək və "Azadlıq" meydanında qurulacaq.
Nazir bildirib ki, Formula 1-in büdcəsi 150 milyon dollardan çox-çox aşağıdır: "6 km yolun tikintisinə 12 milyon manat xərclənib. Pikstop binası üçün isə 30 milyon dollar sərf olunacaq".
Qeyd edək ki, "Formula 1" üzrə Avropa Qran Prisi 17 - 19 iyunda Bakının mərkəzi küçələrində keçiriləcək.
İlhamə