Fransa Liqasının 25-ci turunda evdə "Nitsa"nı 1:0 hesabı ilə məğlub edən "Monako" ciddi itki ilə üzləşib.
Komandanın sol cinah müdafiəçisi Fabio Koentrao zədələnib.
Matçın 12-ci dəqiqəsində zədələnən portuqaliyalı futbolçu əvəzlənmək məcburiyyətində qalıb. Tibbi müayinədən keçən Koentraonun sol ayağında qırıq aşkarlanıb.
27 yaşlı futbolçunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Portuqaliya millisinin üzvü olan Koentraonun yayda Fransada keçiriləcək Avropa çempionatına qədər sağalıb-sağalmayacağı hələlik məlum deyil.
Qeyd edək ki, müqavilə ilə "Real" (Madrid) klubuna məxsus olan Koentrao icarə əsasında "Monako"da oynayır.