Martın 6-da futbol üzrə Azərbaycan birinci divizionunda XVI turun növbəti görüşləri keçirilib.
Teleqraf.com azertac.az-a istinadən xəbər verir ki, Şövkət Orduxanov adına Qusar şəhər stadionunda yerli “Şahdağ” klubu “Zaqatala” komandası ilə qarşılaşıb. İki qolun vurulduğu görüş heç-heçə başa çatıb.
Gərgin keçən oyunun ilk hissəsində qapılara qol vurulmayıb. İkinci hissə başlayan kimi meydan sahibləri hesabı açıblar. Matçın 47-ci dəqiqəsində Sərxan Ağayev uzaq məsafədən vurduğu zərbə ilə yerli azarkeşləri sevindirib. Amma Zaqatala futbolçuları oyunun əsas vaxtının son dəqiqələrində bu qolun əvəzini çıxmağı bacarıblar. 88-ci dəqiqədə Oruc Balaşlı son nəticəni müəyyənləşdirən qolu qusarlıların qapısından keçirib. 1-1 hesabı ilə başa çatan matçdan sonra “Şahdağ” 16 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
XVI turun bu gün keçirilən digər görüşlərində “Göyəzən”-“Neftçala” 0-0, “Bakı”-“Qaradağ Lökbatan” 0–2, “Bakılı”-“Turan Tovuz” 2-1, “Ağsu”-“Şəmkir” 1-1, “Mil-Muğan”-MOİK 2-1, “Energetik”-“Şərurspor” 0-4 hesabları qeydə alınıb.