“Qarabağ” Azərbaycan çempionatları tarixində 1000-ci qolunu vurub.
Teleqraf.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Topaz Premyer Liqanın 27-ci turunun “Rəvan”la ev oyununa təsadüf edib.
Paytaxt klubu ilə görüşədək rəqib qapılarından 998 top keçirən Ağdam təmsilçisinin tarixi qolunu Muarem Muarem vurub. Makedoniyalı komandasının 5:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada “Qarabağ”ın 2-ci, klub tarixində isə 1000-ci qolun müəllifi olub.
Maraqlıdır ki, ağdamlıların 900-cü qolunu da Muarem vurub. O, 703 gün əvvəl “Neftçi” ilə qarşılaşmada buna nail olub.
İlk qolunu 1992-ci ildə Sabirabad “İnşaatçı”sının qapısından keçirən “Qarabağ”ın tarixinə 1-ci qolun müəllifi kimi Mehman Alışanov düşüb.
Azərbaycan çempionatları tarixində “Neftçi”dən sonra 1000-i arxada qoyan 2-ci komanda olan “Qarabağ” “Rəvan”la görüşdə 5:1 hesablı qələbəylə qol sayını 1003-ə də çatdırıb. Bunların 593-ü ev, 395-i səfər, 15-i neytral meydanda vurulub. İndiyədək 684 matç keçirən, bunların 21-də texniki nəticə qeydə alınan “Qarabağ”ın orta məhsuldarlığı 1,51-ə bərabərdir.