10 Aprel 2016 21:23
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 10-da Azərbaycan Premyer Liqasında XXIX tura son iki qarşılaşma ilə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, günün ilk matçında “Zirə” komandası səfərdə “Rəvan”la üz-üzə gəlib. Autsayder qarşısında özünü çox rahat hiss edən debütant matçdan maksimum nəticə ilə ayrılıb. Adil Şükürovun yetirmələri rəqibini dörd cavabsız qolla məğlub edib - 0:4. Oyun həm də salvadorlu forvard Nelson Bonillanın benefesi ilə yadda qalıb. Mərkəzi amerikalı futbolçu “het-trik” edərək qollarının sayını 13-ə çatdırıb və bombardirlik yarışında vahid lider olub.

Turun bağlanış oyunu isə Lənkəranda oynanılıb. “Xəzər Lənkəran” “Neftçi”ni qəbul edib. Çempionatın 17 turunda qələbə qazana bilməyən meydan sahibləri uğursuz seriyanı bu dəfə də qıra bilməyiblər. Matça meydan sahibləri fəal başlasalar da, sonradan təşəbbüsü əldən veriblər. Hücumçu Ruslan Qurbanovun 41-ci dəqiqədə vurduğu qol “Neftçi”yə görüşdə qalibiyyət qazandırıb - 0:1.

Beləliklə, “Xəzər Lənkəran” 14 xalla doqquzuncu, Neftçi” isə 38 xalla yeddinci pillədə qərarlaşıb.


Müəllif: