Topaz Premyer Liqasının 35-c turunun “Qəbələ” – AZAL oyunundan (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.
Teleqraf.com-un “Qəbələ”nin saytına istinadən yaydığı xəbərə görə, o deyib:
“Mövsümün son ev oyununun özəlliyi var. Çünki bu matçda doğma azarkeşlərlə növbəti mövsümədək, avrokuboklaradək ayrılırıq. Bu fasilə bir aydan uzun çəkəcək. İlk oyunda olduğu kimi son matçdan da müsbət emosiyalarla ayrılmaq vacibdir. Əslində, biz hər oyunda qələbə qazanmaq istəyirik. Bu gün bu istək daha çox idi. Qalib gəlmək, azarkeşlərimizi sevindirmək istəyirdik. Bir gün öncə azarkeşlərimizə də demişdim ki, onlar üçün oynayırıq. Bizə dəstək olduqları üçün onlara həmişə minnətdaram. Standart vəziyyətlərdən daha çox qol vurmağımızı istəyirəm. Potensialımız da buna imkan verir. Bu sahədə çatışmazlıqlar var və üzərində çalışmalıyıq. Üçüncülük şansımızı öz əlimizdə olmasına sevinirəm. Son oyunda qalib gəlib, bürünc medala yiyələnməliyik”.