"Evə qayıdıb, yaralarımı sarmağa çalışacam. Uğur qazanmaq üçün hər şey edirsən, finala yüksəlirsən və sonda hər iki finalda uduzursan. İki il öncə əlavə vaxtda 1:4, bu dəfə isə penaltilər seriyasında məğlub olduq".
Bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının finalında "Real"a uduzduqları oyundan sonra deyib.
Argentinalı mütəxəssis "Atletiko"dan getmək barədə düşündüyünü də etiraf edib: "Üç ildə iki finala yüksəlmək "Atletiko" üçün yaxşı nəticədir. Ancaq bu məni xoşbəxt etmir. Heç bilmirəm hansı məğlubiyyət daha ağırdır. Reallıq budur ki, çempion ola bilmədik. "Atletiko"dan getmək barədə düşünürəm".
Qeyd edək ki, "Real" - "Atletiko" matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda başqa qol olmadığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan (5:3) "Real" 11-ci dəfə Çempionlar Liqasının kubokunu başıüzərinə qaldırıb.(qol.az)