“Formula-1” üzrə dünya çempionatının mayın 26-29-da keçirilən altıncı yarışında – Monako Qran-prisində qalib gələn “Mercedes”in britaniyalı pilotu, hazırkı çempion Luis Hamilton cari mövsümdə ilk qələbəsini qazanıb.
Altıncı yarışda pilotlar Monte-Karlo şəhərinin küçələrində 3337 metrlik məsafədə 78 turda mübarizə aparıblar.
Yarışın əvvəlində “Red Bull-TAG Heuer” pilotu Daniel Rikkiardo öndə olsa da, daha sonra üstünlüyü əldən verib. Bundan sonra üstünlüyü ələ alan Luis Hamilton liderliyi sonadək qoruyub saxlayıb və ilin altıncı yarışını 1 saat 59 dəqiqə 29,133 saniyəlik nəticə ilə 25 xal toplayaraq başa vurub. Liderdən 7,2 saniyə geridə qalan Daniel Rikkiardo yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk beşliyi liderdən 13,8 saniyə sonra finişə çatan Sergio Perez (Force India, 15 xal), həmçinin Sebastian Vettel (Ferrari, 12 xal) və Fernando Alonso (Maklaren, 10 xal) tamamlayıblar.
Altıncı Qran-pridən sonra “Mersedes”in digər pilotu Niko Rosberq xallarının sayını 106-a çatdıraraq pilotlar arasında liderliyini davam etdirir. O, indiyədək keçirilən altı mərhələdən dördündə (Avstraliya, Bəhreyn, Çin, Rusiya) qalib gəlib. Cari mövsümdə ilk qələbəsini qazanan L.Hamilton isə bu mərhələdən sonra komanda yoldaşı ilə xal fərqini 24-ə endirərək, ikinci sırada qərarlaşıb. Onun hesabında 82 xal var. Aktivində 66 xal olan D.Rikkiardo üçüncü, 61 xal toplayan Kimi Raikkonen dördüncü və 60 xala sahib olan Sebastian Vettel isə (hər ikisi Ferrari) beşincidir.
Çempionatın növbəti – yeddinci yarışı olan Kanada Qran-prisi iyunun 10-12-də keçiriləcək. “Formula-1” Avropa Qran-prisi isə iyunun 17-19-da Bakıda təşkil olunacaq. (“Azərtac”)