16 İyun 2016 12:17
2 634
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) növbəti iclası ötən gecə başa çatıb.

Qabaqcadan da proqnozlaşdırıldığı kimi, FES dolların uçot dərəcəsini dəyişməyərək 0,25-0,50 faiz aralığında saxlayıb. İclasda faizin sabit saxlanılması qərarı yekdilliklə qəbul olunub. Eyni zamanda, uzunmüddətli faiz hədəfi 3,3 faizdən 3 faizə endirilib.

Bununla yanaşı bildirilib ki, ABŞ iqtisadiyyatına neftin təsirinin azalması ilə inflyasiyanın 2 faizə yüksəlməsi, məşğulluq bazarı göstəricilərinin möhkəmlənməsi gözlənilir. FES üzvləri 2016-cı ildə bir dəfə, 2017-ci və 2018-ci illərdə isə 3 dəfə faiz artımı gözləyirlər.

Teleqraf.com-un məlumatına görə, iqtisadçı Natiq Cəfərli FES-in qərarını şərh edib.

Onun sözlərinə görə, FES gözlənildiyi kimi Böyük Britaniyanın Avropa Birliyində qalıb-qalmamqla bağlı referendumunu və bəzi göstəriciləri əsas gətirərək faiz artımını təxirə saldı, amma bu il uçot dərəcəsinin azı bir dəfə artacağını da açıqladı: “FES dünyanı çox ehtiyatla, ağılla bu hadisəyə hazırlayır, gah “şahin”, gah da “göyərçin” açıqlamalar verərək birjaların nəbzini yoxlayır. Proqnozlar göstərir ki, yaxın həftələrdə manat yavaş-yavaş ucuzlaşacaq, kəskin devalvasiya isə olmayacaq”.

Natiq Cəfərli qeyd edib ki, yaxın həftələrdə, aylarda manatın dollara nisbətdə məzənnəsi 1,65 manat=1 dollar səviyyəsinə çata bilər: “Yəni, koridorun üst səviyyəsi 1,65 görünür”.

İlhamə ƏBÜLFƏT


Müəllif: