Əmlak Məsələləri Dövlət Komitəsi Lənkəran şəhərində Nizami Gəncəvinin adını daşıyan tarixi memarlıq abidəsinin özəlləşdirilməsinə münasibət bildirib.
Əmlak Məsələləri Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov Teleqraf.com-a açıqlamasında deyib ki, Nizami Gəncəvinin adını daşıyan kinoteatr binası Mədəniyyət və Turizm Nazirliyinin Əmlak Məsəlləri Dövlət Komitəsinə müraciətindən sonra özəlləşdirməyə çıxarılıb.
Xatırladaq ki, binanı “Neon-111” MMC alıb və orda yenidənqirma işlərinə başlayıb.
Komitə rəsmisinin sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyindən Dövlət Komitəsinə müraciət edilib və bina özəlləşdirilib: “Nazirlikdən bizə məktub gəldi ki, Nizami adına kinoteatrın binasından səmərəli istifadə olunmur, binanın saxlanması xərcləri böyükdür. Büdcəyə heç bir gəlir gətirmir deyə onun dövlət büdcəsi hesabına saxlanmasına ehtiyac yoxdur. Özəlləşdirilməsi məqsədəuyğundur. Komitə bundan sonra həmin binanı hərraca çıxardı və bina özəlləşdirildi”.
Lənkəran şəhər icra hakimiyyəti başçısının köməkçisi Elnur Hüseynov isə Teleqraf.com-a bildirib ki, rayondakı Nizam kinoteatrı heç zaman memarlıq abidəsi sayılmayıb: “O bina 60-cı illərdə tikilib. Kinoteatr kimi istifadə olunmadığından yararsız vəziyyətə düşüb. Bina 5 il əvvəl özəlləşdirilib”.
Elnur Hüseynovun əlavə edib ki, Nizamı Gəncəvinin heykəli adi betondan tökülmüş heykəldir.
Bir neçə gün öncə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Teleqraf.com-a açıqlamasında bildirmişdi ki, Xidmət Lənkəran şəhər İcra Hakimiyyətinə məktub ünvanlayıb, qanunsuz tikintinin dayandırılmasını tələb edib: “Qanunsuz tikili dayandırılmasa, Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Neon-111” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verəcək. Düşünürəm ki, hər şey qanun qarşısında həll olunmalıdır”.
Lənkəran şəhərində Nizami Gəncəvinin heykəli və şairin adını daşıyan tarixi memarlıq abidəsi sökülüb və yerində “Neon-111” MMC tərəfindən “Neon” şadlıq sarayı tikilir.
İlhamə ƏBÜLFƏT