SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ötən ay şirkətdə işə düzəlmək istəyənlərin statistikasını açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, iyunda SOCAR-ın rəsmi internet səhifəsində (www.socar.az) müxtəlif vəzifə və peşələr üzrə 76 adda vakansiya elan olunub, həmin vakansiyalara 7 min 305 nəfər müraciət edib.
Elektron qaydada müraciət etmiş şəxslərdən 812 nəfəri test imtahanına dəvət olunub, növbəti mərhələlərə 318 nəfər keçib, onlardan 79 nəfəri peşə sınaq imtahanında, 239 nəfəri isə müsahibədə iştirak edib. Bütün müsabiqə mərhələlərindən müvəffəqiyyətlə keçən 50 nəfər SOCAR-ın strukturlarında işə qəbul olunub. Müsabiqənin bütün mərhələləri elektron qaydada, videoçəkiliş vasitəsilə qeydə alınmaqla həyata keçirilib.
SOCAR-da vakansiyalar mövcud olduqca, bu haqda şirkətin rəsmi internet səhifəsinin (www.socar.az) “Karyera” bölməsində məlumatlar yerləşdirilir. Test imtahanlarında təqdim olunan test tapşırıqları vasitəsilə işə qəbulla bağlı müraciət etmiş və vakansiyanın tələblərinə uyğun olan namizədlərin nəzəri və praktik bilikləri yoxlanılmaqla yanaşı, SOCAR-ın sərbəstləşən işçilərinin peşəkarlıq səviyyələri də qiymətləndirilir. İşə qəbulla bağlı test imtahanlarından uğurla keçən namizədlər vakansiyanın tələbindən asılı olaraq növbəti mərhələ olan müsahibə və ya peşə sınaq imtahanında iştirak etmək hüququ qazanırlar.
Yekun mərhələdə uğur qazanan namizədlər SOCAR-da işlə təmin olunur. Müsabiqənin bütün mərhələləri üzrə məlumatlar e-mail və SMS vasitəsilə namizədlərə təqdim edilir.
Mahir