Azərbaycan Respublikası Prezidentinin Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonası (ATZ) tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı Sərəncamının icrasının təmin olunması məqsədilə yaradılmış İşçi Qrupunun ikinci iclası “ADA” Universitetində keçirilib.
Teleqraf.com-un məlumatına görə, Bakı Limanının baş direktoru Taleh Ziyadov bildirib ki, Azad Ticarət Zonasının yaradılması bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın qeyri-neft sektorunun inkişafı, ölkəmizin Avrasiya regionunda “hub”, yəni nəqliyyat və logistika mərkəzinə çevirmək siyasətinin mühüm hissəsidir.
İclasda İqtisadiyyat, Maliyyə, Vergilər, Ekologiya və Təbii Sərvətlər, Ədliyyə nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti və Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri ilə yanaşı, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri iştirak ediblər.