Əmlak Məsələləri Dövlət Komitəsi start verdiyi yeni özəlləşmə prosesi çərçivəsində özəlləşdirilməyə çıxarılmış dövlət əmlaklarının ictimai təqdimatını keçirib.
Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən Komitənin Aparat rəhbəri Azər Bəşirov özəlləşdirmə prosesində səmərəliliyin və şəffaflığın təmin edilməsi, özəlləşdirmənin elektron vasitələrlə geniş ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atıldığını vurğulayıb.
Bu məqsədlə dövlət əmlakının özəlləşdirilməsi prosesində Özəlləşdirmə Portalı yaradılıb. Komitə tərəfindən çoxsaylı dövlət əmlaklarının özəlləşdirməyə çıxarılması ilə bağlı müvafiq hərrac elanlarının və ətraflı məlumatların Komitənin rəsmi internet resurslarında, Özəlləşdirmə portalında, "Mülkiyyət" qəzetində və mətbuatda dərc olunduğu qeyd olunub.
Təqdimat zamanı səhmlərinin bir hissəsinin özəlləşdirilməsi barədə elan verilən səhmdar cəmiyyətləri, Bakı və regionlarda yerləşən kiçik dövlət müəssisə və obyektləri monitorda əyani nümayiş etdirilib. Onların qiymətləri, alıcıların hərraclarda iştirakı ilə bağlı məsələlər, ödənişlərin banklar vasitəsilə edilməsi və sair barədə daha geniş və təfərrüatlı məlumat təqdim olunub.
Qeyd edək ki, Dövlət Komitəsi ilkin mərhələdə 65 dövlət əmlakının özəlləşdirilməsi barədə hərraclar elan edilib. Bu əmlakların 25-i iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin 30%-lik səhm paketləri, 2-si qeyri yaşayış sahəsi, 28-i digər dövlət əmlak və obyektləri, 10-u isə nəqliyyat vasitələridir. Belə ki, özəlləşdirməyə çıxarılan dövlət əmlakları inventar qiyməti ilə deyil, bazar dəyərlərinə uyğun qiymətlərlə hərraclara çıxarılıb.
İlhamə ƏBÜLFƏT