16 Sentyabr 2016 12:06
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasının Azərbaycan Respublikasında keçirilməsi qərara alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qərar sentyabrın 15-də Belarus Respublikasının paytaxtı Minsk şəhərində MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 64-cü iclası zamanı qəbul edilib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

İclasda “Dəmir yolu nəqliyyatı ilə daşınan malların gömrük rəsmiləşdirilməsi və nəzarəti zamanı MDB-yə üzv dövlətlərin gömrük orqanları və dəmir yolu administrasiyalarının qarşılıqlı fəaliyyətinə dair nümunəvi texnologiya” və “MDB-yə üzv dövlətlərin gömrük orqanlarının informasiya sistemlərinin və resurslarının informasiya təhlükəsizliyinə dair nümunəvi tələblər” layihələri haqqında, eləcə də Müstəqil Dövlətlər Birliyinin Xarici İqtisadi Fəaliyyətinin Vahid Mal Nomenklaturasına dəyişikliklər edilməsi barədə qərarlar qəbul olunub.

İclasda MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının, eyni zamanda, Şuranın Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin 2017-ci il üçün iş planları təsdiqlənib, Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistemin 6-cı nəşrinin rus dilindəki variantına dəyişikliklər edilməsinə dair qərar qəbul edilib.

İclasda Azərbaycan nümayəndə heyəti “BYD kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında” 1975-ci il tarixli Gömrük Konvensiyasına dəyişikliklərin edilməsinə dair qərarı imzalamayıb.

İclas zamanı Rusiya Federal Gömrük Xidmətinin gömrük əməkdaşlığı idarəsi rəisinin birinci müavini Yevgeniy Kozırev MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının katibi, Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini Ruslan Davıdov isə Şuranın Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin sədri təyin olunublar.

Sonda MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasının Azərbaycan Respublikasında keçirilməsi qərara alınıb.

Sentyabrın 15-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 64-cü iclasının iştirakçılarını qəbul edib.

Görüşdə iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Azərbaycanla Belarus arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edib, əlaqələrin bundan sonra da müsbət məcrada inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib. Azərbaycanın Belarusla gömrük sferasında da qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran nümayəndə heyətinin rəhbəri bu baxımdan tərəflər arasında əlaqələrin inkişafının və inteqrasiyasının vacibliyini bildirib, tranzit potensialının artırılması sahəsində gömrük xidmətlərinin qarşılıqlı fəaliyyətinin zəruriliyini vurğulayıb, eyni zamanda Belarus Respublikası Dövlət Gömrük Komitəsi rəhbərinin Azərbaycana rəsmi səfərə dəvət olunduğunu diqqətə çatdırıb.

İclas çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra dövlətlərin gömrük xidməti rəhbərləri ilə ikitərəfli görüşlər də keçirib.

Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinlə görüşdə iki qonşu ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açılıb.

Azərbaycan tərəfi Belarus, Tacikistan və Latviya gömrük xidmətlərinin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev səfər çərçivəsində Belarus Respublikasının aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə Belarus və Azərbaycan gömrük xidmətləri arasında qarşılıqlı məlumat mübadiləsi, qaçaqmalçılıq hallarına, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə birgə fəaliyyətin təşkili və iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində görülən işlərdən bəhs edib.

İclas çərçivəsində Belarus Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyi ilə bağlı tədbirlərdə Azərbaycan nümayəndə heyəti də iştirak edib.

İlhamə ƏBÜLFƏT


Müəllif: