21 Sentyabr 2016 13:06
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) qaz boru kəmərləri layihələrinə ayıracağı ümumilikdə 1,5 milyard dollar dəyərindəki kreditə bağlı oktyabrın 26-da yığıncaq keçirəcək.

Anadolu agentliyi xəbər verir ki, bu barədə EBRD-in enerji və təbii ehtiyatlar üzrə direktoru Rikardo Puliti deyib. EBRD bu layihələrin tərkib hissəsi olduğu “Cənub Qaz Dəhlizi”ni dəstəklədiyini deyən R.Puliti bu çərçivədə “Şahdəniz-2” yatağının inkişaf etdirilməsi və Cənubi Qafqaz Boru Kəməri (CQBK) üçün də kredit verdiklərini xatırladıb: “Hazırda TANAP və TAP-ın maliyyələşdirilməsi üzərində çalışırıq və qiymətləndirmə mərhələsindəyik”.

Hələlik son qərarın qəbul edilmədiyini deyən Rikardo Puliti bildirib ki, hər iki layihə üçün ümumilikdə 1,5 milyard dollarlıq bir maliyyə paketi olacaq. Lakin bu məbləğin iki layihə arasında necə bölünəcəyi barədə danışmaq hələ tezdir.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan digər layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Boru kəmərinə tələb olunan kapital xərcləri 9,2 milyard dollardır.

Bu il Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinə 2 milyard 809 milyon dollar vəsait ayıracağı planlaşdırılır və bu həcmin 55,7 faizi yaxud da 1,566 milyard dolları TANAP-a sərf ediləcək. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.

Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir.

Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var. Bu ilin avqust ayınadək TANAP layihəsi üzrə iş həcminin 31,4 faizi yerinə yetirilib. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

TAP qaz boru kəmərinin inşası çərçivəsində Yunanıstanda 17 kilometr uzunluğunda borular sahələrə düzülüb, 5 kilometr boru isə qaynaq edilib. Avqustun 24-dən Yunanıstan və Albaniyada TAP boru kəmərinin tikintisində istifadə olunacaq boruların qaynaqlanması işlərinə start verilib. TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

Boru kəmərinin uzunluğu 871 kilometr (Yunanıstan – 547 kilometr, Albaniya – 211 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə - 36 düym). Bu il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. TAP üzrə tələb olunan kapital xərcləri 5 milyard dollardır. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur. Bu il Azərbaycanın TAP layihəsinə 278 milyon dollar ayırması planlaşdırılır.

TAP-ın səhmdarları belədir: BP - 20 faiz, SOCAR - 20 faiz, “Snam S.p.A.” -20 faiz, “Fluxys” - 19 faiz, “Enagás” - 16 faiz və “Axpo” - 5 faiz (Azərtac).


Müəllif: