22 Sentyabr 2016 10:31
1 460
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibi Vüqar Sadıqov Teleqraf.com-un suallarını cavablandırıb.

-Vüqar müəllim, bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”QSC Xəzərdə hansı mövqeyi tutur?

-“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC regionda gəmilərin istismar edilməsində aparıcı mövqedədir. AXDG ən iri gəmiçilik şirkətidir və o, 288 gəmidən ibarət ən böyük daimi donanmanı, 2 gəmi təmiri zavodunu, ali təhsilli dənizçi kadrlar hazırlayan Dəniz Akademiyasını və Təlim-Tədris Mərkəzini özündə birləşdirir.

-AXDG-nin nəqliyyat donanmasına nə qədər gəmi daxildir?

-Nəqliyyat donanmamıza 92 gəmi, o cümlədən 34 tanker, 13 bərə, 20 universal quru yük gəmisi, 2 Ro-Ro tipli gəmi, 23 xidməti-köməkçi gəmi daxildir. Dənizdə həyata keçirilən beynəlxalq neft-qaz layihələrini təmin edən ixtisaslaşdırılmış Xəzər Dəniz Neft Donanmasının tərkibində isə 196 gəmi, o cümlədən 21 kran gəmisi, 27 təchizat və yedək gəmisi, 29 sərnişin gəmisi, 2 borudüzən gəmi, 7 yanğınsöndürən gəmi, 5 mühəndis-geoloji gəmi, 11 dalğıc gəmisi, 5 dibdərinləşdirən gəmi və 89 müxtəlif təyinatlı xidməti-köməkçi gəmi var.

-Bəs şirkətin nə qədər işçisi var?

-İşçilərimizin sayı 9 minə yaxındır. Gəmiçilik işçilərinin rifahı və sosial problemləri daim diqqət mərkəzində saxlanılır. Ərzaq təchizatı sistemi yenidən qurulub, xidmətin və ərzaqların keyfiyyəti barədə rəy və təkliflərin, eləcə də hər hansı şikayətin vaxtında araşdırılması məqsədilə qaynar xətt yaradılıb. Bütün işçilərə Mərkəzi Dənizçilər Xəstəxanasında pulsuz tibbi xidmət göstərilməsi təmin edilib. Ehtiyacı olanlara mütəmadi maddi yardım göstərilir. Məcburi köçkün və şəhid ailələrinə xüsusi qayğı ilə yanaşılır.

-Vüqar müəllim, Azərbaycandan hansi ölkələrə gəmilərlə sərnişin daşınır?

-Bizim şirkətin əsas fəaliyyəti yük daşımaqla bağlıdır. Sərnişinlər Qazaxıstan və Türkmənistana, eləcə də əks istiqamətdə bərələrlə daşınır. Ümumilikdə sərnişin axını yük daşımaları ilə müqayisədə çox deyil. Çünki insanlar hava nəqliyyatına üstünlük verirlər. Bu, ənənəvi tendensiyadır.

-Gəmiçiliyin Xəzərdə aparıcı mövqeyini qoruyub saxlanılması üçün hansı işlər görülür?

-AXDG-nin əsas strategiyası və fəaliyyət prioriteti ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərinin imkanlarından optimal istifadə etməyə yönəldilib. Prezident İlham Əliyevin bütövlükdə nəqliyyat sahəsi qarşısında qoyduğu ən mühüm vəzifələrdən biri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarının genişləndirilməsi və tranzit yükdaşımalarda əlverişli şəraitin yaradılması ilə Azərbaycanın regionda böyük nəqliyyat qovşağına çevrilməsidir.

-Xəzərdən daha çox hansı ölkələrə yük daşınır?

-Avropa ilə Asiya arasında, Şimal-Cənub istiqamətində Xəzərdə təhlükəsiz və effektiv yükdaşımalar həyata keçirilir. Dəniz nəqliyyatı respublika iqtisadiyyatının qeyri-neft sektorunda strateji əhəmiyyət daşıyır. Gəmiçilik 2014-cü ilin fevralında yaradılmış Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin üzvü kimi dəmir yolu və liman qurumları ilə daimi əməkdaşlıq edir.

Qazaxıstan, Çin, Gürcüstan və digər ölkələrdən olan tərəfdaşlarla birlikdə işləyir. Bu il Rumıniya və Ukrayna qoşulduqdan sonra artıq Türkiyə ilə müvafiq danışıqlar aparılır.

-Çindən Bakıya yük daşınır?

-2015-ci ilin avqustunda ilk sınaq konteyner qatarı Çindən Avropaya hərəkət edərkən, “Balakən” bərəsi ilə Aktaudan Bakıya çatdırılıb. Artıq bu marşrut üzrə yükdaşımalarda endirimlər müəyyənləşdirilib, vahid tariflər tətbiq edilib, AXDG ehtiyac yarandığı halda, istismar ehtiyatında olan gəmilərini qısa müddətdə təmir edərək Bakı-Türkmənbaşı-Bakı və Bakı-Aktau-Bakı bərə xətlərinə qaytarıb. Tariflər şəffaf qaydada Gəmiçiliyin internet saytında yerləşdirilib.

Bununla yanaşı, saytımızda elektron bilet sifariş etmək də mümkündür. Qeyd edim ki, Asiya ilə Avropanı birləşdirən qısa və səmərəli nəqliyyat dəhlizi kimi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun cəlbediciliyi getdikcə artır, daha çox şirkət bu marşruta maraq göstərir. Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra Transxəzər marşrutunda yük həcminin, o cümlədən konteyner daşımalarının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

-Bəs, Gəmiçiliyin Xəzərdənkənar fəaliyyətinin bərpası nə vaxt oldu?

-“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Qara dəniz-Aralıq dənizi hövzəsində fəaliyyətini 2014-cü ildə bərpa etdi. Elə həmin ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” quru yük gəmiləri alındı. Uğurlu nəticə oldu. Gəmiçilik rəhbərliyinin qərarı ilə 2015-ci ildə həmin hövzəyə Xəzərdən 3 quru yük gəmisi - “Qaradağ”, “Teymur Əhmədov” və “Maestro Niyazi” gəmiləri göndərildi. Cari ildə isə beynəlxalq sularda istismar üçün daha 6 gəminin alınması barədə qərar qəbul edildi. Onlara böyük yazarlarımızın və qəhrəmanlarımızın adları verildi: “Rəsul Rza”, “GeneralAslanov”, “Şair Sabir”, “Hüseyn Cavid”, “Şair Vaqif”, “Qafur Məmmədov”.

Nəticədə, Qara dəniz-Aralıq dənizi hövzəsində çalışan gəmilərimizin sayı 10-a çatdı. Bu, artıq kiçik bir donanma deməkdir. Deyə bilərik ki, AXDG Xəzərdənkənar hövzələrdəki fəaliyyətini nəinki bərpa edib, hətta orada özünün donanmasını yaradıb.

-Vüqar müəllim, Xəzər Dəniz Neft Donanmasının fəaliyyəti hansı istiqamətləri əhatə edir?

-Xəzər Dəniz Neft Donanması Xəzərin kontinental şelfində neft və qaz istehsalının bütün proseslərində, o cümlədən dəniz özülləri və estakadalarının tikilməsi, coğrafi-geoloji tədqiqatların həyata keçirilməsi, neft-qaz boru kəmərlərinin çəkilməsi, istismar zamanı onların təmiri, neftçilərin iş yerlərinə çatdırılması, dənizdəki neft obyektlərinin yanğından mühafizəsi və həmin obyektlərə zəruri yüklərin - yanacaq-sürtkü materialları, içməli su, metanol, mal-material, avadanlıq, metal konstruksiyalar və sairin daşınmasında ən müxtəlif xidmətlər göstərir.

-“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC fəaliyyət göstərdiyi dövrdə donanmanın yeniləndirilməsində hansı işlər görüb?

-AXDG fəaliyyət göstərdiyi 3 ilə yaxın müddətdə öz donanmasını qeyd etdiyim yük gəmiləri ilə yanaşı, “Lənkəran” təchizat-yedək gəmisi, “Nəsimi” tankeri, “SOCAR-1” liman yedək gəmisi, “Sumqayıt” təchizat gəmisi, gəmilərin təmiri üçün nəzərdə tutulmuş “Neptun” üzən doku ilə yeniləndirib, “Qurban Abasov” kran gəmisində əsaslı modernizasiya işləri aparıb.

Bundan əlavə, Xəzər hövzəsində ən müasir sənaye müəssisələrindən olan Bakı Gəmiqayırma Zavodunda Gəmiçiliyin sifarişi ilə 80 nəfərlik 3 sərnişin gəmisi inşa edilib. Hazırda BGZ ilə müxtəlif təyinatlı gəmilərin inşasına dair danışıqlar davam edir. Bu sıraya tankerlər, quru yük gəmiləri, konteynerdaşıyan, kran, yanğınsöndürən, yedək və təchizat gəmiləri daxildir.

-Gəmi təmirində hansı işlər görülüb?

-2015-ci ildə əsaslı təmir olunan gəmilərin sayı əvvəlki illə müqayisədə 122% artıb, “Zığ” gəmi təmiri zavodunda 130 metrlik yanalma körpüsünün inşaat işləri sona çatdırılıb. Bu zavodda sahəsi 580 kvadrat metr olan yeni yeməkxana və işçilər üçün 200 nəfərlik yüngül konstruksiyalı xidməti bina istifadəyə verilib.

-“AXDG” QSC yarandıqdan sonra hansı islahatlar aparıldı?

-Əlbəttə, geniş islahatlar aparıldı. QSC yaradıldığı gündən köklü islahatlar və struktur dəyişiklikləri davam edir, maliyyə hesabatlarının hazırlanması üzrə beynəlxalq standartlara uyğun qaydada, Gəmiçilikdə SAP sisteminin Maliyyə, İnsan resurslarının idarə olunması, Material qiymətlilərinin idarə olunması, Xidmətlərin alışı və satışı, Maya dəyərinin formalaşması, Xəzinədarlıq və Büdcə nəzarəti modulları tətbiq edilib, Mərkəzi Dispetçer Sistemi, Elektron Təchizat Sistemi, Vahid korporativ kompyuter şəbəkəsi yaradılıb. Eyni zamanda, gəmilərin sahillə rabitəsinin optimallaşdırılması üçün tədbirlər görülüb, gəmilərdə elektron xəritələr tətbiq olunub.

- Başqa ölkələrdə AXDG-nin nümayəndəliyi varmı?

-Ötən il Rusiyanın Həştərxan şəhərində AXDG-nin nümayəndəliyi açılıb. Bu nümayəndəlik gəmilərimizin Volqa-Don kanalından keçməsi və daşımalarla bağlı digər məsələlərin həllində mühüm rol oynayır. Bundan başqa, Türkiyədə nümayəndəliyimiz, İran və Türkmənistanda isə təmsilçilərimiz fəaliyyət göstərirlər.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər