1 Oktyabr 2016 13:25
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə Nazirliyi 2017-ci ilin dövlət büdcəsi layihəsinə müdafiə xərclərinin azalması ilə bağlı bəzi ekspertlərin səsləndirdiyi iddialara cavab verib.

Teleqraf.com-un məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin artması nəzərdə tutulub: “Bəzi eskperlər bilərək və ya bilməyərək gələn il müdafiə xərcləri ilə bağlı səhvə yol verərək bu istiqamətdə xərclərin ciddi şəkildə azaldıldığını qeyd edirlər.

Məlumat üçün bildirim ki, 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsində müdafiə və təhlükəsizlik xərcləri dövlət büdcəsi xərclərinin funksional təsnifatında təkcə müdafiə bölməsində deyil, digər xərc bölmələrində də nəzərdə tutulub. Ona görə də Maliyyə Nazirliyinin saytında yerləşdirilmiş “2017-ci ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı”nın 41-ci səhifəsində qeyd olunan ümumi rəqəm reallığı əks etdirir.

Müharibə şəraitində yaşayan dövlətimizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsi xərclərinə 2017-ci ilin dövlət büdcəsi xərclərinin 17,4 faizi həcmində və ya 2,9 milyard manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 187,0 milyon manat və ya 6,9 faiz çoxdur”.

Maliyyə Nazirliyinin sözçüsü əlavə edib ki, “Dövlət sirri” haqqında qanuna əsasən, təhlükəsizlik və müdafiə xərclərininin detallı şəkildə açıqlamağın mümkün olmadığı da nəzərə alınmalıdır.

Kəmalə


Müəllif: