5 Oktyabr 2016 13:25
443

“Azərbaycanda internet şəbəkəsi vasitəsilə həyata keçirilən ticarət sövdələşmələrinin sayı durmadan artmaqdadır və gələcəkdə bu tendensiyanın daha da yüksəlməsi şübhəsizdir. Lakin elektron ticarət əməliyyatlarının virtual aləmdə həyata keçirilməsi həmin əməliyyatların vergiyə cəlb edilməsi məsələlərini çətinləşdirir”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Vergilər Nazirliyi Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi Əflatun Məmmədov "Marja"ya müsahibəsində deyib.

Əflatun Məmmədovun fikrincə, bütün bunlar dövlət büdcəsinin gəlirlərinin itirilməsi ilə nəticələnir: "Məhz bu itkilərin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli sərəncamında şəffaflığı artırmaq və vergitutma bazasını genişləndirmək üçün beynəlxalq təcrübədə geniş tətbiq olunan "rəqəmsal iqtisadiyyat"ın vergiyə cəlb edilməsi ilə bağlı tapşırıqlar verilib.

Sərəncamın icrası ilə əlaqədar Vergilər Nazirliyi tərəfindən elektron ticarətin vergiyə cəlb olunması haqqında qanun layihəsi hazırlanır və hazırda aidiyyəti qurumlarla müzakirə olunur.

Bununla yanaşı, Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsi tərəfindən qabaqlayıcı tədbirlər görülərək araşdırmalar aparılıb, internet portallarının yaradılmasına nəzarət edən müvafiq qurumla birgə virtual məkanda e-ticarətlə məşğul olan hüquqi və fiziki şəxslərin müəyyənləşdirilməsi və bu sahədə ümumi vergi nəzarətinin qurulması istiqamətində işlərə başlanılıb. İlk mərhələdə Baş İdarə tərəfindən cari ilin 1-ci rübündə 186 internet portalı və ya sosial şəbəkələr vasitəsilə elektron mal alqı-satqısı həyata keçirən istifadəçilər müəyyən edilib.

Onlardan 54-nün vergi orqanında qeydiyyatda olmadığı, 47-sinin isə qeydiyyatda olduğu halda dövriyyəsinin olmadığı və ya məhsulların satış qiymətləri ilə müqayisədə minimum olduğu müəyyənləşdirilib.

Bu istiqamətdə görülmüş tədbirlər nəticəsində 2016-cı ilin 1-ci rübü ilə müqayisədə 2-ci rübdə elektron ticarət fəaliyyəti göstərən vergi ödəyicilərinin dövriyyəsində 54,1%, hesablamalarda 53,8%, daxilolmada isə 69,1% artım müşahidə olunub.

Hazırda elektron ticarətlə məşğul olan internet portallarının birbaşa hansı vergi ödəyicisinə aid olduğunun dəqiqləşdirilməsi, vergi qeydiyyatı olmayanların uçota alınması, nağd və ya nağdsız ödəniş qaydasında fəaliyyət göstərilməsinin, bank hesablarının, portallarda yerləşdirilən reklam və ya elanların, onların sifarişçisinin və ya tərtibatçısının müəyyən edilməsi, nağd və bank hesabları üzrə əməliyyatların əldə olunması və ümumilikdə bütün gəlirləri ilə bəyannamə göstəricilərinin müqayisəli araşdırılması istiqamətində işlər aparılır".

Əflatun Məmmədov bildirib ki, rəsmi statistikaya görə, Azərbaycanda elektron ticarətin həcmi o qədər də böyük deyil: "Əslində bu rəqəmin milyonlarla manat olduğunu güman etmək olar. Məhz bu səbəbdən, ilkin olaraq elektron ticarətin dövlət uçotunun təşkil olunması zəruridir".


Müəllif: