Tbilisi şəhərində Azərbaycan gömrük orqanları və Gürcüstanın aidiyyəti orqanlarının əməkdaşları arasında görüş keçirilib.
Dövlət Gömrük Komitəsindən (DGK) Teleqraf.com-a verilən məlumata görə, Gürcüstan tərəfinin dəvəti ilə bu ölkənin Maliyyə Nazirliyində təşkil olunan görüşdə DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstanın maliyyə naziri Nodar Xaduri, Gürcüstan Gömrük Xidmətinin rəhbəri Vladimer Xundadze və digər məsul vəzifəli şəxslər iştirak edib.
Görüşdə əsas məqsəd Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası və yaxın müddət ərzində istifadəyə veriləcəyi nəzərə alınaraq, gömrük orqanlarının üzərinə düşən məsələlərin həlli, gömrük qaydalarının qarşılıqlı şəkildə müəyyən edilməsi, qatarların və heyətin rəsmiləşdirilməsi üzrə lazım olan tədbirlərin əvvəlcədən planlaşdırılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi anına qədər hazırlıq işlərinin tamamlanması olub.
Eyni zamanda, görüşdə Azərbaycan və Gürcüstan arasındakı keçid məntəqələrində infrastruktur imkanlarının genişləndirilməsi, nəzərdə tutulan yeni infrastrukturun (Sadıxlı-Mtkvari gömrük postunun yaxınlığında avtomobil və sərnişinlərin keçidi üzrə yeni sərhəd-gömrük buraxılış məntəqəsi) yaradılması işinin təşkili barədə müzakirələr aparılıb.
Tərəflər iki ölkənin gömrük xidmətləri arasında məlumat mübadiləsi üzrə əldə olunmuş razılaşma əsasında işlərin texniki cəhətdən davam etdirilməsi və zəruri təşkilati işin tamamlanması, eləcə də iki ölkə arasında qarşılıqlı ticarət əlaqələri zamanı fitosanitar və digər sertifikatların mübadiləsi və bu mübadilənin elektron qaydada aparılması məsələləri üzrə işçi görüşlərin təşkilini müzakirə ediblər.
İlhamə ƏBÜLFƏT