10 Oktyabr 2016 12:54
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan ət və ət məhsulları istehsalçıları İctimai Birliyinin sədri Fuad Qulubəyovun mətbuatda açıqlaması ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi araşdırma aparıb”.

Bu barədə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Teleqraf.com-a açıqlamasında deyib.

Fazil Talıblının sözlərinə görə, birliik sədri iddia edir ki, Azərbaycan standartlarında ət məhsulların saxlanma müddəti ilə bağlı qeyd edilən tələblər məhsulların xarici bazara çıxmarılmasını əngəlləyir. O, bildirir ki, məhsulların saxlanma müddəti 3-5 gündür: “Bu fikirlər həqiqəti əks etdirmir. Çünki ət məhsulları ilə bağlı standartlarda hələ 2010-cü ildən saxlanma müddətləri artırılaraq, saxlanma rejiminə, temperaturuna, tərkibinə vurulmuş əlavə və qablaşdırma materiallarına görə ayrı-ayrılıqda müəyyənləşib.

Məhsulların saxlanma müddətini 1-4 aya qədər müəyyən etmək üçün standartda müddəalar öz əksini tapıb”.

Komitə rəsmisi qeyd edib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yerli məhsulların xarici bazarlara yol açması və ixrac qabiliyyətliliyin yüksəldilməsi məqsədilə sahibkarların üzləşdikləri texniki maneələri aradan qaldırmaq istiqamətində işləri davam etdirir: “Hazırda sahibkarların Komitənin Avropada akkreditasiyadan keçmiş laboratoriyasında məhsullarını yoxlamaqla sınaq protokolları əsasında xaricdə satış həyata keçirmək şansları yaranıb və bundan istifadə edən sahibkarlar da artıq mövcuddur.

Ölkə sənayesinin idxaldan asılılığını azaltmaq, əksinə ixracı artıqmaqla bağlı Prezidentin göstərişlərini rəhbər tutaraq bir daha ət məhsulları istehsalı ilə məşğul olan sahibkarları komitəyə dəvət etdik. Sabah onlarla komitədə görüş keçiriləcək. Bu sahənin daha da inkişaf etdirilməsi ilə bağlı yerli sahibkarların problemlərini dinləyib həllinə köməklik ediləcək”.

Qeyd edək ki, Azərbaycan ət və ət məhsulları istehsalçıları İctimai Birliyinin sədri Fuad Qulubəyov açıqlamasında bildirmişdi ki, Azərbaycanda ət və ət məhsullarının ixrac həcmi çox azdır. Hazırda xarici bazarlara rəqabətədavamlı və keyfiyyətli məhsul çıxarmaq üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycanın bu sahəyə dair standartlarına yenidən baxıb, təsdiq etməlidir: “Çünki bu gün köhnə standartlarla xarici bazara məhsul çıxarmaq mümkün deyil. Hazırkı standartlara görə, məhsulun saxlama müddəti çox azdır. Amma məhsulu xarici bazara aparmaq, təqdim etmək və nəhayət, satmaq üçün müəyyən vaxt lazımdır.

Misal üçün, Azərbaycanda kolbasa məmulatlarının istehsalı ilə məşğul olan şirkətlərin malik olduqları müəssisələr ən müasir texnoloji avdanlıqlarla təchiz olunub. Bu cür fabrik və zavodlarda istehsal tarixi uzun müddətə hesablanmış məhsullar istehsal etmək mümkündür. Odur ki, müvafiq prosesin həyata keçirilməsi üçün mövcud standartlar yenidən nəzərdən keçirilməlidir. Hazırkı 3 və ya 5 gün istifadə müddəti göstərilmiş məhsulların xarici bazarlara çıxarılması isə bu prosesi mümkünsüz edir. Ancaq bundan sonra bizim xarici bazarlara çıxışımız asanlaşa bilər”.

Fuad Qulubəyov həmçinin qeyd edib ki, yerli ət və ət məhsullarının ixracında yarana biləcək digər bir çətinliyin isə ətin xammal kimi Azərbaycanda yetəri qədər olub-olmaması məsələsinin birgə araşdırmaq lazımdır: “Biz ölkədə ətin xammal kimi artırılması yollarını düşünməliyik. İndiyədək Azərbaycanda kolbasa istehsalında xaricdən gətirilən ətdən istifadə edilir. Lakin manatın məzənnəsinin iki dəfə zəifləməsi isə artıq xaricdən gətirilən ətin qiymətini bahalaşdırıb. Vəziyyətin bundan sonra necə olacağını isə zaman göstərəcək”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər