Tarif (qiymət) Şurası dövlət qulluğuna qəbulun test imtahanında iştirak üçün ödənişin məbləğini müəyyənləşdirməklə bağlı müvafiq işlər görür.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev APA-ya bildirib ki, artıq müvafiq məlumatların alınması üçün Tarif (qiymət) Şurası Dövlət İmtahan Mərkəzinə (DİM) müraciət edib.
O qeyd edib ki, məlumatlar Tarif (qiymət) Şurasına daxil olduqdan sonra təhlillər və araşdırmalar aparılacaq: “Aparılan araşdırma və təhlillərin nəticəsi olaraq bu məsələ Tarif (qiymət) Şurasının gündəliyinə daxil ediləcək”.
“Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərmana əsasən, dövlət qulluğuna qəbulla bağlı test imtahanında iştirak üçün ödənişin məbləği Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdiriləcək.