26 Oktyabr 2016 18:04
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 26-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və komitənin üzvləri Sumqayıt Kimya Sənaye Parkında (SKSP) olublar.

Teleqraf.com-un məlumatına görə, İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə reallaşdırılan səfər zamanı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkının ofisində görüş keçirilib, SKSP-də görülən işlər barədə məlumat verilib, təqdimat keçirilib.

Görüşdə sənaye və sosial zonalardan ibarət olan və ümumi ərazisi 295,62 hektar təşkil edən Sumqayıt Kimya Sənaye Parkı, parkda investorlar üçün yaradılmış güzəşt mexanizmləri və xidmətlər barədə məlumat verilib. Bildirilib ki, sənaye parkının yeraltı və yerüstü infrastrukturu, o cümlədən yeraltı qalereyalar, ərazidaxili kommunikasiya xətləri, sosial obyektlər, daxili avtomobil və daxili dəmir yol xətləri dövlət büdcəsi tərəfindən maliyyəşdirilir. Artıq sənaye parkında xarici elektrik verilişi və yeraltı kommunikasiya xətlərinin tikinti-quraşdırma işləri başa çatıb.

Sənaye Parkının daxili avtomobil yollarının, Peşə Tədris Mərkəzinin, ərazidaxili elektrik xətlərinin, yarımstansiyanın tikinti-quraşdırma işləri davam etdirilir.

Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, hazırda 9 şirkətə rezident statusu verilib. Bu rezidentlərin layihələri əsasında cəlb edilmiş investisiyaların həcmi 1,1 milyard ABŞ dolları təşkil edəcək.

Hazırda SKSP-nin 4 rezidenti - "SOCAR Polymer", "Aqrokimya Azerbaijan", "Ferro Ərintilər zavodu", "MST Engineering" tərəfindən istehsal sahələrinin tikinti-quraşdırma işləri aparılır.

Sənaye parklarında rezidentlərin qeydiyyatının "bir pəncərə" sistemi ilə həyata keçirilir, rezidentlərin 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən və gömrük rüsumundan azad olunur.

Məlumat verilib ki, ümumilikdə Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunacaq müxtəlif sənaye məhsulları, o cümlədən polipropilen, yüksək sıxlıqlı polietilen, şüşə lövhələr, ferroərintilər, yüksək təzyiqə davamlı xortum və fitinq, inşaat qatqıları üçün xammal və hazır məhsulların Avropa və MDB ölkələrinə ixracı nəzərdə tutulur.

Sonra qonaqlar sənaye parkının ərazisində aparılan tikinti işləri, parkın ilk rezidenti olan "Azertexnolayn" MMC-nin istehsalat müəssisələri, “Aqrokimya Azərbaycan" MMC, eləcə də "SOCAR Polymer" layihəsi çərçivəsində görülən işlərlə tanış olublar. Məlumat verilib ki, "Azertexnolayn" MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və ixrac potensialına malik polad boru, qofralı boru, fitinqlər, metal konstruksiya, metal hasar və sair məhsullar istehsal edir. "Azertexnolayn" MMC-yə məxsus Polad Boru Zavodu, Polietilen Məmulatları Zavodu və Hidrotexniki Avadanlıqlar zavodlarında 700 nəfər işlə təmin olunub. Hazırda burada istehsal olunan məhsulların 75 faizi ixrac olunur.

Polipropilen zavodunun 2017-ci ilin sonunda, yüksəksıxlıqlı polietilen zavodunun isə 2018-ci ildə istismara verilməsi nəzərdə tutulur. "SOCAR Polymer" layihəsi son 40 ildə bu sahədə miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir.


Müəllif:

Oxşar xəbərlər