Venesuela prezidenti Nikolas Maduro oktyabrın 22-də Azərbaycanda rəsmi səfərdə oldu. Sənədlərin imzalanması mərasimindən sonra mətbuata birgə bəyanatla çıxış edən zaman Azərbaycan Prezidenti İlham Əliyev Venesuela prezidenti ilə çox geniş və səmimi şəkildə dünyanın enerji bazarında mövcud olan vəziyyəti müzakirə və təhlil etdiklərini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, o, prezident Maduronun bu sahədə gördüyü işləri, göstərdiyi səyləri yüksək qiymətləndirir: “Prezident Maduro regiona səfər edir. Bu turda neft hasil edən bir neçə ölkəyə səfər edəcəkdir. Birinci ölkə isə Azərbaycandır”.
Qeyd edək ki, N.Maduro Azərbaycandan sonra iri neft istehsalçısı olan İran, Səudiyyə Ərəbistanı və Qətərə səfər edib. Bəs, Venesuela prezidentinin bu təşəbbüsündən hansı nəticələr gözləməyə dəyər? Neft hasil edən və istehlakçı ölkələr arasında “qara qızıl”ın ədalətli qiyməti məsələsində razılıq əldə etmək mümkün olacaqmı? Bu və digər suallarımızı “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabana ünvaladıq.
– İlham bəy, Venesuela prezidentinin neft hasil edən ölkələrə turnesi neftin qiymətinin yüksəlməsi məsələsində hər hansı rol oynaya bilərmi?
– Venesuela prezidenti bu təşəbbüslə hələ bir neçə ay əvvəl çıxış etmişdi. Avqust ayında neftin qiyməti 42 dollaradək eniş edəndə Venesuelada çox ağır bir şərait yaranmışdı və o zaman nəinki Venesuela, iqtisadiyyatı neftdən asılı olan bütün ölkələr çox ciddi təşviş keçirirdilər. İlk dəfə o zaman OPEK ölkələrində hasilatın azaldılması ilə bağlı məsələlər gündəmə gəldi. Bunun nəticəsi olaraq sentyabrın 28-də Əlcəzairdə OPEK-in qeyri-rəsmi toplantısı oldu və hasilatın azaldılması ilə bağlı razılaşma əldə edildi. O zaman prezident Maduro qeyd edirdi ki, bu çərçivəni böyütmək və ora OPEK-ə daxil olmayan ölkələri də daxil etmək lazımdır. Maraqlıdır, baxmayaraq ki, Venesuela ilə ABŞ-ın əlaqələrində daim gərginlik müşahidə olunub, iki ölkə arasında siyasi gərginlik mövcud olub. Ancaq Maduro ABŞ-ı OPEK-in bu görüşünə dəvət etmək təşəbbüsü ilə çıxış edib. Düzdür, Ağ Ev də də inadkarlıq göstərərək bundan imtina edib. Ancaq indi məsələ nə yerdədir?! Baxmayaraq ki, Venesuela çox böyük neft ehtiyatlarına malik bir ölkədir, kifayət qədər böyük hasilatçıdır. Ancaq Venesuelanın hasil etdiyi neft bazarda həqiqətən ucuz satıla bilən bir xammaldır.
– Nəyə görə?
– Ona görə ki, Venesuelanın hasil etdiyi neftin əsas hissəsi qatılaşmış neftdir və bazarda onun dəyəri digər neft markaları ilə müqayisədə aşağıdır. Neft emal edən müəssisələr Venesula neftindən daha çox enerji sərf etməlidirlər ki, onu yanacağa çevirsinlər. Buna görə də hazırkı qiymətlər çərçivəsində Venesuelanın ixrac etdiyi neft digər ölkələrlə müqayisədə ona daha az mənfəət gətirən bir məhsula çevrilib. Təbii ki, Venesuela prezidentinin özünü necə deyərlər, bu cür oda-közə vurması da başadüşüləndir. Çünki Bakıya və Körfəz ölkələrinə səfəri zamanı ölkəsində ona qarşı impiçment dalğası böyüyürdü. Bəlli deyil ki, o, neftin bu cür aşağı qiymətləri ilə ilin sonunadək ölkəsində hakimiyyətini qoruyub saxlaya biləcək, ya yox?! Çünki Maduro Venesuelada prezident kürsüsündə olsa da, parlament müxalifətin əlindədir və bu ilin birinci rübündən, – hansı ki, neftin qiymətləri çox aşağı idi – ölkə çox böyük iqtisadi təlatümlərlə üzləşib, böyük inflyasiyaya, hətta az qala hiperinflyasiyaya məruz qalıb. İkincisi, Venesuela vətəndaşları qonşu ölkələrə üz tutur ki, ordan gündəlik tələbat, məişət mallarını idxal etsinlər. Hətta, ölkədə tualet kağızı belə kartoçka sistemi ilə satılır. Yəni, belə bir ölkənin bazara təsir etmək imkanı nə dərəcədədir, hansı səviyyədədir, təbii ki, bunu şişirtməyə dəyməz. Ancaq bu səylər istənilən halda müsbət qarşılanmalıdır. Bir var, bazarda gündə milyonlara barrel neft olsun, bir də var onu müəyyən qədər limitləndirəsən. Yəni, bunun arasında istənilən halda fərq yaranır. Əgər bu fərq neftin qiymətinə təsir edirsə bu, müsbət qarşılanmalıdır. Bunu qeyd etmək lazımdır.
– Prezident İlham Əliyev venesuelalı həmkarı ilə mətbuata bəyanatla çıxış edərkən rəsmi qaydada bildirdi ki, dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin qalxması üçün Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edir. Azərbaycanın bu mövqeyini necə şərh edərdiniz?
– Azərbaycan Prezidentinin bu bəyanatı çox yerində və zamanında səsləndirilmiş bir bəyanatdır. Azərbaycan daxili auditoriyasında çoxları belə hesab edirlər ki, onsuz da 2010-cu ildən sonra Azərbaycanda neft hasilatı azalıb, bizim belə bir təşəbbüslə çıxış etməyimizin mənası nədir?! Elə deyil. Mənası var. Bu gün dünyada BMT üzvü olan 200 dövlətdən 70-də az və ya çox dərəcədə neft hasil edilir. Dünya onun ancaq 20-yə yaxınını hasilatçı ölkə kimi tanıyır. Qalan 50 ölkəni tanımır. Digər tərəfdən, əgər biz 5 Xəzəryanı ölkənin hökumətlərinin gələn il üçün proqnozuna baxsaq, Azərbaycandan başqa bütün ölkələrdə artım müşahidə olunacağını görə bilərik. Azərbaycan yeganə Xəzəryanı dövlətdir ki, öz hasilatını artırmayacaq. Yəni, Azərbaycan prezidenti bu bəyanatı verməklə bir daha dünyanın hasilatçı ölkələrinə rəsmi Bakının hansı ölkələrin yanında olduğunu göstərir. Yəni, öz mövqeyini ortaya qoyur ki, biz gələn il üçün hasilatımızı artırmayacağıq. Biz neftin qiymətinin artması üçün öz töhfəmizi hansı ölkələrin siyahısında ortaya qoyacağıq? Əsas məsələ odur. Nə olsun ki, Qazaxıstan da, Türkmənistan da, Rusiya da, İran da hasilatçı ölkədir. Onlar da neftin qiymətinin yüksəlməsində maraqlıdırlar. Ancaq onlar digər tərəfdən hasilatı artırırlar və öz layihələrini irəli keçirməyə çalışırlar. Azərbaycan isə hasilatı artırmır və özünün neft sənayesindəki uğurlarına texnoloji yeniliklərlə, yəni iqtisadi göstəriciləri yaxşılaşdırmaqla nail olur. Yəni, əgər əvvəllər tutaq ki, hasilat üçün yüz milyonlarla manat kapital qoyuluşu həyata keçirilirdisə, indi o kapital qoyuluşunun qənaəti hesabına həmin göstəriciyə nail olunur. Məsələn, BP və tərəfdaşları 2016-cı ilin birinci yarımilində 200 milyon dollar vəsaiti azaltmaq hesabına böyük uğurlar əldə ediblər və hasilatı stabilləşdiriblər. Bunu ancaq mütəxəssislər bilir. Geniş auditoriya bilmir. Yəni, biz bunun hesabına uğurlar əldə etmişik.
– 30 noyabr-1 dekabr tarixində Vyanada keçiriləcək OPEC ölkələrinin toplantısından nə gözləyirsiniz?
– Bu, çox önəmli toplantıdır. Çünki ötən 8 il ərzində OPEC ölkələri heç vaxt öz kvotalarının azaldılmasına baxmamışdılar. Yəni, kvotaları daim stabil bir vəziyyətdə qalmışdı. Yəni, kvotalarını azaltmamışdılar. İndi 2008-ci ildən sonra ilk dəfə olaraq OPEC ölkələri kvotalarının azaldılması barədə qərar qəbul etməlidirlər. Bazar bu yeniliyə çox həssas bir yanaşma göstərməlidir. Yəni, gözlənilir ki, belə bir kvotanın ayrılmasından sonra neftin qısa müddətdə 55 dollaradək yüksəlməsi mümkün ola bilər. Ancaq bu dayanıqlı olmayacaq. Çünki bazarda neftin qiymətinə təsir edən çoxlu amillər var.
– Sizcə, OPEC ölkələri neft bazarında sabitlik yaradılması üçün hasilatın miqdarının məhdudlaşdırılması, neft hasilatı üçün ölkələr arasında yeni kvotanın müəyyənləşdirilməsi məsələsində razılıq əldə etməyə nə dərəcədə yaxındırlar?
– Əsas məsələ OPEC-ə daxil olmayan ölkələrin bu prosesə nə dərəcə öz töhfələrini verəcəkləri ilə bağlıdır. Baxın, Rusiya, ABŞ kimi qeyri-OPEC ölkələrində artıq hasilatın artması tendensiyası gedir. Qazaxıstan artıq “Kaşağan” yatağını istismara verdi. Qazaxıstan hökumətinin planına görə artıq gələn il hasilat 4,5 milyon ton artacaq. Ruslar Qərbi Sibirdə iki yeni yatağı istismara veriblər. Rusiya Energetika Nazirliyinin açıqlamasına görə bununla əlaqədar bazara əlavə 4 milyon ton neft çıxacaq. Belə olan təqdirdə bir tərəfdən, yəni OPEC ölkələri tərəfindən neft hasilatı azaldılır, digər tərəfdən, yəni qeyri-OPEC ölkələri tərəfindən yeni yataqlar istismar olunur və ordakı neft bazara çıxarılır. Bax, bu məsələdə mütləq uzlaşma olmalı idi. Buna balanslaşdırılmış siyasət deyirlər. Balans olmalıdır ki, OPEC ölkələrinin hasilatın məhdudlaşdırılmasına dair qəbul edəcəkləri qərar öz effektini versin. Amma bu gün bir tərəfdən hasilat azaldılır, digər tərəfdən artırılır. O zaman ya effekt olmayacaq, ya da qısamüddətli effekt olacaq. OPEC ölkələri istəyirlər ki, neftin qiyməti hər barelə görə 45-50 dollar diapazonundan 50-55-ə, sonradan isə 55-60 dollar diapazonuna keçsin. OPEC ölkələri ilə qeyri-OPEC ölkələri arasında hasilatın azaldılması ilə bağlı razılaşma olmasa, bu, arzu olaraq qalacaq. Çünki sentyabrın 28-də OPEC-in Əlcəzairdəki qeyri-rəsmi görüşündə neft hasilatının sutkada 32,5-33 milyon barrel aralığında məhdudlaşdırılması ilə bağlı razılığa gəlinmişdi. Biz baxdıq, bu görüşdən sonra neftin qiyməti 50-dən sonrakı diapazona keçdi, ancaq 51-52-dən yuxarı diapazonu keçə bilmir. 51-lə 52 arasında breyf edir. Bu da təbii ki, böyük bir artım deyil.
Səxavət HƏMİD