28 Oktyabr 2016 15:59
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar Vergilər Nazirliyi xarici şirkətlərin Azərbaycanı tərk etməsi barədə məlumatlar yayır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2015-ci ildə ölkədə 64 xarici şirkət fəaliyyətini dayandırıb. Bu ilin 6 ayı ərzində isə bu rəqəm 45 olub.

Qeyd edək ki, fəaliyyətini dayandıran şirkətlərin əksəriyyəti neft və infrastruktur layihələrində iştirak ediblər.

İqtisadçı İlham Şabanın sözlərinə görə, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən şirkətlər müəyyən səbəblərdən nümayəndəliklərini bağlayırlar: “Söhbət təkcə xarici şirkətlərin müəyyən problemlər ucbatından ölkəni tərk etməsindən getmir. Bəzən şirkət işini bitirir və ölkəni tək edir. Əvəzində yeni gələn xarici şirkətin nümayəndəlikləri açılır. Bu cür məsələdə kimlərinsə qaranlıq səbəb axtarmasını düzgün hesab etmirəm”.

Xarici şirkətlərin Azərbaycana daha çox neft sektorunda fəaliyyət göstərdiklərini deyən İlham Şabanın sözlərinə görə, elə qurumlar var, ölkədə yalnız 1 nəfərlə təmsil olunurlar: “Bu şirkətlər sadəcə veön-lə fəaliyyət göstərirər. Gözləyirlər ki, yeni layihələr olacaq, müqavilə imzalayacaqlar. Amma iş barədə heç bir müqavilə imzlamayanda Azərbaycanı tərk edirlər.

Azərbaycanda “Shell” şirkəti vardı. Hamı yazdı ki, şirkətin nümayəndəliyi bağlandı. Mənim məlumatım vardı, o şirkət 6-7 il idi Azərbaycanda 1 nəfərlə fəaliyyət göstərirdi.

Ölkəni indi tərk edən bəzi şirkətlərsə bir müddət əvvəl buranı tərk ediblər, lakin onlar hüquqi cəhətdən bağlandıqlarını indi elan edirlər. Bütün bunlar normal prosesdir”.

Qeyd edək ki, 2016-ci ilin əvvəlindən fəaliyyətini dayandıran xarici şirkətlər arasında Türkiyə-Küveyt birgə müəssisəsi, Sinqapurun “Petro Singapore Trading PTE Ltd.” və Belçikanın yeyinti məhsulları şirkəti “Puratos” var.

Habelə Fransanın “Technip Maritime Overseas LTD” və İtaliyanın “Maccaferri Azerbaijan” MMC şirkətləri də ölkəmizdə işlərini dayandırıblar. Ətraf mühitdə mühəndislik və müdəfiə işlərinin görülməsi ilə məşğul olan 130 yaşlı “Maccaferri Azerbaijan”-ın 100-dən artıq ölkədə 70-dən çox törəmə müəssisəsi var.

Ekspert deyir ki, Azərbaycana gələn xarici şirkətlər də az deyil: “Şahdəniz” 2“ layihəsi çərçivəsində birdən-birə ölkəmizdə 50 xarici şirkət açıldı. Azərbaycanı tək edən xarici şirkətlərlə yanaşı, gələn şirkətlər barədə də danışmaq lazımdır”.

Son 10 ildə Azərbaycanda xarici investorların sayı 2 dəfədən çox artıb. 2016-cı ilin ilk 6 ayı ərzində Azərbaycanda fəaliyyət göstərən 100 faiz xarici investisiyalı şirkətlərin sayı ötən illə müqayisədə 3 faizdən çox artaraq 5987-ə çatıb.

Xarici şirkətlər Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə podratçı, subpodratçı qismində də fəal iştirak edirlər. İqtisadiyyat Nazirliyinin 2016-cı il və qarşıdakı 3 ilə dair sosial-iqtisadi inkişaf proqnozlarında əsas yer tutan istiqamətlərdən biri investisiya fəallığının yüksəldilməsi və xarici sərmayə qoyuluşlarının həcminin artırılması üçün əlverişli biznes mühitinin təmin edilməsidir.

İlhamə ƏBÜLFƏT


Müəllif: