Oktyabrın 29-da Vyanada Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin yüksək səviyyəli komitəsinin iclası başlayıb.
Teleqraf.com-un məlumatına görə, iclasın əsas məqsədi neft hasilatının məhdudlaşdırılmasına dair OPEC ölkələri arasında bu ilin sentyabr ayında bağlanmış Əlcəzair sazişinin həyata keçirilməsinə dair qeyri-üzv ölkələrlə məsləhətləşmələr aparmaqdır.
Azərbaycanı iclasda energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
İclasa Azərbaycanla yanaşı, neft hasil edən qeyri-üzv ölkələrdən Rusiya, Qazaxıstan, Bəhreyn, Boliviya, Braziliya, Bruney, Kanada, Misir, Kolumbiya, Norveç, Malayziya, Oman, Meksika, Trinidad və Tobaqo da dəvət edilib.
Bir gün əvvəl OPEC ölkələri hasilatın məhdudlaşdırılmasına dair toplantı keçirsələr də, bu iclasda yekdil qərar əldə edilməyib. İran və İraq tərəfindən hasilatın məhdudlaşdırılmasına etiraz iclasın konkret nəticə ilə yekunlaşmasına imkan verməyib.
Ekspertlər noyabrın 25-də keçiriləcək növbəti toplantıda hasilatın həcmi ilə bağlı yekun qərarın veriləcəyini ehtimal edirlər. OPEC ölkələri nazirlərinin Zirvə görüşündən öncə keçiriləcək həmin toplantıda ölkələr üzrə fərdi kvotaların müəyyən ediləcəyi gözlənilir.