Oktyabrın 31-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrabı qəbul edib.
Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə Aydın Əliyev ilk olaraq diplomatı yeni təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan Gömrük Xidməti tərəfindən kadr potensialının gücləndirilməsi işinə xüsusi önəm verildiyini diqqətə çatdıran DGK sədri Almaniyanın dünyaca məşhur təhsil ocağı olan Münster Universiteti ilə mövcud əməkdaşlıq əlaqələrindən də bəhs edib, Azərbaycanda keçirilmiş Ümumdünya Gömrük Təşkilatının 10-cu illik PICARD konfransında, eləcə də “Gənclərin Dialoqu - Beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması” mövzusunda Beynəlxalq Tələbə Konfransında bu ali təhsil müəssisəsinin nümayəndələrinin iştirakını münasibətlərin daha da genişləndirilməsinə verilən önəmli töhfə kimi dəyərləndirib.
İstər büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışan Komitə sədri son zamanlar aparılan islahatlar barəsində qonağı ətraflı məlumatlandırıb, 2016-cı ilin sonuna iki ay qalmasına baxmayaraq, gömrük orqanları tərəfindən büdcə proqnozunun yerinə yetirildiyini qeyd edib.
Daha sonra komitə sədri cari ilin müvafiq dövrü ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, 1100 kiloqramdan artıq narkotik vasitə-heroinin aşkarlandığını, Almaniyanın “Smith Heimann” şirkətinin istehsalı olan avadanlıqların bu faktların aşkarlanmasında çox böyük faydası olduğunu bildirib.
Almaniyanın səfiri Mixael Kindsqrab Azərbaycanda səfir kimi fəaliyyət göstərməsindən şərəf duyduğunu, ölkəmizlə tanışlığın onda xoş təəssüratlar yaratdığını ifadə edib. Ölkələrimiz arasında əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən səfir iqtisadi sferada münasibətlərin daha da genişləndirilməsinin vacibliyini önə çəkib, bunun üçün geniş imkanların mövcud olduğunu bildirib, ölkəmizdə gömrük sferasında aparılan islahatlardan razılıqla söhbət açıb.
Almaniya ilə Azərbaycan arasında gömrük müstəvisində əməkdaşlıq əlaqələrinə nəzər salan Mixael Kindsqrab iki ölkənin aidiyyəti qurumlarının birgə əməkdaşlığının daha da dərinləşməsi və intensivləşdirilməsi ilə bağlı proseslərdə yaxından iştirak edəcəyini diqqətə çatdırıb.
İlhamə ƏBÜLFƏT