"Əmək bazarına təsir edən əsas amillərdən biri mövcud demoqrafik vəziyyətdir".
Teleqraf.com-un məlumatına görə, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli “Report”a müsahibəsində deyib.
Mətin Kərimli bildirib ki, 2016-cı il sentyabr ayının 1-də Azərbaycan əhalisi 9 milyon 775 min nəfərə çatıb: "Proqnoz hesablamalara əsasən, 2050-ci ildə əhalinin sayı 12 milyon nəfər olacaq. Yeri gəlmişkən, bu, Cənubi Qafqaz əhalisinin 70 faizindən çoxunu təşkil edəcək".
Hazırda ölkəmizin Avropa və MDB məkanında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda ölkələrdən olduğunu deyən nazir müavini əlavə edib ki, 2016-cı ilin əvvəlinə olan məlumatlara əsasən, əhalinin ümumi yaş strukturunda gənclərin (14-29 yaşda) payı 27 faizdir: "Əmək qabiliyyətli yaşda olan əhalinin sayında da əhəmiyyətli artım baş verib.
Əhalinin yaş strukturunu nəzərə alaraq, artan işçi qüvvəsinin sayına uyğun iş yerlərinin yaradılması hazırda əmək bazarında mövcud olan əsas çağırışlardan biridir.
Digər tərəfdən, qlobal enerji bazarındakı qeyri-sabitlik, region ölkələrində iqtisadi problemlər, Azərbaycanın və onun əsas ticarət partnyorlarının milli valyutalarının devalvasiyası, eləcə də dünya maliyyə bazarındakı çətinliklər orta müddətli perspektivdə əsas risklərdən hesab olunur".