Sabahdan Azərbaycana idxal edilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları tətbiq ediləcək.
Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.
Yeni gömrük idxal rüsumları sabahdan qüvvəyə minəcək və iki il müddətində qüvvədə olacaq.
Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.
Qeyd edək ki, hazırda bu məhsullara gömrük dəyərinin 15%-i həcmində standart gömrük idxal rüsumu tətbiq edilir.
Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Teleqraf.com-a açıqlamasında bildirib ki, Azərbaycana idxal edilən ev toyuqlarına rüsum tətbiq olunması yaxşı haldır: “Rüsumun tətbiqi daxili məhsulun artması üçün effektiv olacaq. Əvvəl bazarı xaricdən toyuq ətini gətirib doldururdular. Hazırda xaricidən 20-30 min tondan çox toyuq məhsulu gətirilib, anbarlara vurulub. Aprel-may aylarına kimi həmin məhsulların satışı davam edəcək. Bitdikdən sonra yerli məhsulun satışı başlanacaq”.
Ekspert Qalib Toğrul deyir ki, bəzi idxal məhsullarına advalor rüsumlardan imtina olunaraq spesifik rüsunların tətbiq olunması qərarı yerli istehsalın qorunması məqsədi daşıyır: “Qərar qüvvəyə minəndən sonra həmin məhsulların idxalı kəskin aşağı düşəcək, hətta ola bilər ki, ümumiyyətlə, həmin məhsulları idxal edən olmasın. Əslində, gömrük rüsumlarının bu şəkildə qaldırılması həmin məhsulların idxalına qadağa qoymağa bərabərdir.
Digər tərəfdən, manatın zəiflədiyi hazırkı iqtisadi şəraitdə bu, idxal inflyasiyasının təşviqi deməkdir. Qərarda adları çəkilən məhsulların qiymətlərinin yüksələcəyini düşünürəm, paralel olaraq əhalinin alıcılıq qabiliyyəti aşağı düşəcək”.
İqtisadçı hesab edir ki, yeni sitasiyada maliyyə dayanıqlığı zəif olan kiçik və orta sahibkarlıq subyektləri də sıradan çıxa bilər.
İlhamə ƏBÜLFƏT