Sumqayıtda yerləşən SOCAR Karbamid zavodunun layihə üzrə mühəndislik işləri 100 faiz tamamlanıb. Satınalma işləri 99 faiz, əsas tikinti işləri isə 51 faiz həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində zavodun baş direktoru Xəyal Cəfərov deyib.
Direktor qeyd edib ki, ümumilikdə, layihə üzrə işlərin 86 faizi başa çatıb.
Zavod 2 hissədən - ammonyak, karbamid istehsalı və karbamidin qranulyasiyası sahələrindən ibarət olacaq. Azot gübrələrinin istehsalı üçün əsas xammal qismində təbii qazdan istifadə ediləcək. Zavod gündəlik 1200 ton ammonyak, 2000 ton karbamid istehsal etmək gücündə olacaq:
“Layihənin icra edilməsi ilə daxili bazarın bu məhsullara tələbatı tam ödəniləcək, eyni zamanda, qeyri-neft sektorunun əsas istiqamətlərindən olan kənd təsərrüfatına böyük dəstək veriləcək. Zavodda istehsal edilən azot gübrələri (illik təxminən 650 min ton) daxili tələbatı tam ödəməklə yanaşı, beynəlxalq bazarlara da çıxarılacaq. Bu baxımdan Gürcüstan və Türkiyəyə əsas bazar kimi baxırıq. Bildiyiniz kimi, Türkiyə regionda karbamidin ən böyük idxalçılarından biridir”.
Ümumi dəyəri 750 milyon avro təşkil edən layihənin maliyyələşdirilməsinin ilkin olaraq dövlət büdcəsi hesabına aparıldığını deyən baş direktor 2015-ci ildə beynəlxalq kreditlərin cəlb edilməsi ilə bağlı qərarın qəbul olunduğunu xatırladıb: “Bu məqsədlə dövlət büdcəsindən 205 milyon manatadək vəsait alınıb. Daha sonra beynəlxalq banklar vasitəsilə bu günə kimi 201 milyon avro cəlb edilib. Əlavə olaraq 300 milyon avro məbləğində kreditin cəlb olunması ilə bağlı danışıqlar da aparılır”.
Hazırda zavodun tikintisində 2200 işçi çalışır və inşaat işlərinin pik dövründə bu rəqəm təxminən 3000-ə çatacaq. Zavod istismara verildikdən sonra isə 400 daimi iş yeri açılacaq. Buna görə də indidən kadr hazırlığına xüsusi önəm verilir.
Bu məqsədlə, SOCAR-ın Təlim-Tədris mərkəzlərində artıq 80 nəfər ixtisaslı, ingilisdilli texniki fəhlə kadrı hazırlanaraq işə götürülüb. Növbəti mərhələdə bu il təlim keçmiş 70 nəfərin də işə qəbul edilməsi gözlənilir. Zavodda işçilərin aylıq orta əməkhaqqısı təxminən 650 manat təşkil edir.
Karbamid zavodunda 2017-ci ilin ikinci yarısından etibarən mərhələli surətdə buraxılış-sınaq işlərinə başlanması, 2018-ci ilin əvvəlində isə müəssisənin istismara verilməsi planlaşdırılır.