“Son illər ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı Azərbaycan 51 saziş imzalayıb və 47-si artıq qüvvəyə minib”.
Teleqraf.com xəbər verir ki, vergilər nazirinin müşaviri Riyad Hüseynov belə deyib.
Müşavirin sözlərinə görə, qalan müvafiq prosedurlar isə tamamlandıqdan sonra qüvvəyə minəcək: “Təbii ki, bu müqavilələr hazırlanarkən, ilk növbədə ölkəmizin iqtisadi əlaqələrinin güclü olduğu dövlətlərə xüsusi diqqət yetirilir. Müqavilələrdən 23-ü Avropa İttifaqına üzv ölkələrlə bağlanıb, digər müqavilələr isə respublikamızın əsas xarici ticarət tərəfdaşlarını, iqtisadi əlaqələrimizin mövcud olduğu və ya iqtisadi maraq doğuran dövlətləri əhatə edir”.
Nazir müşaviri qeyd edib ki, hazırda İspaniya, Malta, İsveç və İordaniya ilə imzalanmış analoji sənədlər Azərbaycan tərəfindən təsdiq edilib və qarşı tərəflərdən də dövlətdaxili prosedurlar bitdikdən sonra qüvvəyə minəcək: "Bundan əlavə, müqavilələrin layihələri üzrə Mərakeş, İrlandiya, İsrail, Danimarka, Sinqapur və Slovakiya ilə razılıq əldə edilib və gələcəkdə həyata keçiriləcək. Rəsmi səfərlər və ya görüşlər zamanı bu sənədlərin də imzalanması nəzərə tutulur.
Türkmənistan, Portuqaliya, Oman, Albaniya, Qırğızıstan, Hindistan, Suriya, Banqladeş və Malayziya ilə də ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin razılaşdırılması üzrə işlər aparılmaqdadır”.
İlhamə ƏBÜLFƏT