16 Noyabr 2016 19:25
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat naziri Şahin Mustafayev Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ilə görüşüb.

Teleqraf.com-a İqtisadiyyat Nazirliyindən verilən xəbərə görə, Ş.Mustafayev Avropa İttifaqı ölkələri, xüsusilə Almaniya ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verildiyini diqqətə çatdırıb: "Dövlət başçısının bu ilin iyun ayında Almaniyaya səfəri çərçivəsində təşkil edilən Almaniya-Azərbaycan biznes forumuna iş adamlarının göstərdiyi maraq iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olmasından xəbər verir. Ölkələrimiz ticarət, investisiya, maliyyə, səhiyyə, təhsil və digər sahələrdə əməkdaşlıq edir. Alman şirkətləri Cənub Qaz Dəhlizi layihəsində iştirak edirlər. Tvinninq layihəsi üzrə əməkdaşlıq çərçivəsində 11 layihə icra edilib, 3 layihənin icrası isə davam etdirilir. Sumqayıt Kimya Sənaye Parkında Almaniya təcrübəsi əsasında sənaye sahəsində Peşə Tədris Mərkəzi yaradılır. Birgə proqram çərçivəsində 2009-2016-cı illərdə 300-ə yaxın sahibkar və gənc menecer Almaniyada ixtisasartırma kursu keçib. Azərbaycanlı iş adamları 2017-ci ildə Almaniyanın Berlin, Köln və Düseldorf şəhərlərində keçiriləcək bir çox sərgilərdə iştirak edəcək. Noyabrın 24-25-də Bakıda VI iclası keçiriləcək Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək səviyyəli İşçi Qrupunun, eləcə də Alman-Azərbaycan Xarici Ticarət Palatasının fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətlidir".

Ş.Mustafayev alman iş adamlarını Azərbaycanda yaradılan əlverişli imkanlardan yararlanmaqla fəal əməkdaşlığa dəvət edib: "Əczaçılıq, kənd təsərrüfatı, tranzit və logistika sahələrində əməkdaşlıq üçün böyük potensial var. Kənd təsərrüfatı texnikasının istehsalı sahəsində Azərbaycan Almaniya təcrübəsi əsasında birgə müəssisə yaradıla bilər. “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” dövlət başçısının sərəncamı Azərbaycan-Almaniya humanitar, eləcə də turizm əlaqələrinin genişlənməsində mühüm əhəmiyyət kəsb edir".

Ş.Mustafayev bir sıra alman şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməsinin yolverilməz olduğunu vurğulayıb.

M.Kindsqrab Azərbaycandakı fəaliyyətindən məmnun olduğunu bildirib: "Almaniya Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir. Tranzit və logistika sahəsində də əməkdaşlığın genişləndirilməsi imkanları böyükdür və artıq bir sıra alman şirkətləri tranzit yükdaşımaları üçün Azərbaycan marşrutundan istifadə edir. Azərbaycanın işğal olunan ərazilərində alman şirkətlərinin fəaliyyət göstərməsi məsələsi Almaniya hökumətinin diqqətinə çatdıracağam".


Müəllif:

Oxşar xəbərlər