“Saipem Contracting Netherlands B.V.” şirkəti “Lighthouse” şirkətinin Azərbaycandakı filialı ilə “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində tədqiqat işlərinin aparılması üzrə mövcud sazişi uzadıb.
Teleqraf.com Azərtac-a istinadla xəbər verir ki, yeni saziş 2022-ci ilə qədər qüvvədə olacaq.
Şahdəniz konsorsiumu bu il mayın 3-də “Şahdəniz Mərhələ 2” layihəsi çərçivəsində dərin sularda sualtı hasilat sistemlərinin daşınması və quraşdırılması üzrə yeni müqavilə imzalayıb. 1,5 milyard dollar dəyərində olan bu müqavilə “BOS Şelf LLC”, “Saipem Contracting Netherlands B.V.” və “Star Gulf FZCO” konsorsiumuna verilib.
“Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə ilk 1,2 trilyon kubmetr qaz ehtiyatı ilə 1996-cı ildə imzalanıb. “Şahdəniz-2” üzrə yekun investisiya qərarı isə 2013-cü ilin dekabrında Bakıda qəbul edilib. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsinin dəyəri 28 milyard dollar qiymətləndirilir.
“Şahdəniz-2”dən hasil ediləcək qazın ildə 10 milyard kubmetrinin Avropaya, 6 milyard kubmetrinin isə Türkiyəyə nəqli nəzərdə tutulur.
“Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKOIL” (10 faiz), “NICO” (10 faiz) və TPAO (19 faiz).