Mətbuatda “Sevimli Dad” MMC-nin müflis olduğu barədə məlumatlar yayılıb.
Bildirilir ki, mağazalarda firmanın məhsullarının satışı dayanıb, şirkətin xeyli sayda işçisi ixtisar olunub, yanvardan isə müəssisə fəaliyyətini tamamilə dayandıracaq. Buna səbəb iqtisadi böhranın vurduğu maliyyə zərbəsi, alıcılıq qabiliyyətinin aşağı düşməsi və firmanın aylardır zərərlə işləməsi olub.
Məlumatda deyilir ki, yanvarda işini dayandıracaq müəssisənin fəaliyyətini bərpa edəcəyi ehtimal olunmur.
“Sevimli Dad” MMC-nin menecer rəhbəri Azadə Rzayeva Teleqraf.com-a açıqlama verib.
Menecer rəhbəri yayılan məlumatları əsassız adlandırıb: “İşçilərimiz hamısı iş yerindədir. Heç bir ixtisar aparılmayıb. İşimiz normal qaydada davam edir, hər gün fəaliyyət göstəririk və hər şey normaldır.
İqtisadi böhranın maliyyə zərbəsi nəticəsində şirkətin yanvardan fəaliyyətini dayandıracağı xəbəri yalandır, belə bir fikrimiz yoxdur. Digər aylarda da belə bir məqsəd haqda düşünmürük. Yalnış məlumatlardır”.
İlhamə ƏBÜLFƏT