24 Noyabr 2016 18:23
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan İpoteka Fondu" ASC-nin müvəkkil bankları iinternet portalı üzərindən ipoteka kreditləri üzrə vətəndaşlardan müraciətlərin qəbuluna başlayıb.

İpoteka kreditlərinin verilməsi müvəkkil təşkilatların iştirakı ilə həyata keçirilir. Müvəkkil təşkilatlar “Azərbaycan İpoteka Fondu" ASC tərəfindən müvəkkil banklar, sığortaçılar və qiymətləndiricilərin seçilməsi və qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq seçilir. Bu Qaydalar əsasında artıq bir sıra müvəkkil təşkilatlarla müvafiq müqavilələr bağlanılıb.

İqtisadçı ekspert Vüqar Bayramov Teleqraf.com-a ipoteka kreditlərinə müraciətin bərpasını şərh edib.

Ekspert deyir ki, bu gün təsdiq edilən yeniliklər arasında diqqəti çəkən məqamlar var: “Həm sosial, həm də adi ipoteka kreditləri üçün maksimum məbləğin 50 min manatdan 100 min manatadək artırılması, dövlət büdcəsindən ayrılacaq 50 milyon manat ilə yanaşı istiqrazlar hesabına əlavə 50 milyon manatın, bütövlükdə 100 milyon manatın gələn il ipoteka kreditləşməsinə yönəldilməsi və elektron ipoteka sisteminin tətbiqidir.

Elektron müraciətin tətbiqi çox vacib idi. Çünki bir sıra banklarda ipoteka almaqda süründürməçilik, hətta əlavə ödənişin istənilməsi halları var idi ki, bu da kreditə əlçatanlığı xeyli dərəcədə məhdudlaşdırırdı.

Elektron müraciət bu neqativ halları aradan qaldıra bilər. Bunun üçün elektron müraciətlərin şəffaf və hesabatlı şəkildə öyrənilməsi və cavablandırılmasına nəzarətin gücləndirilməsi vacibdir”.

Vüqar Bayramov qeyd edib ki, mənzil bazarında qiymətlər yüksək olduğu üçün 50 min manatlıq maksimum hədd də kifayət etmirdi və bu baxımdan bu rəqəmin 2 dəfə artırılmasına ehtiyac var idi.

İlhamə ƏBÜLFƏT


Müəllif: