“Dünyada son illərdə iqtisadi proseslərin yönü, tempi və forması dəyişib. 2008-ci ildən başlayan maliyyə-iqtisadi böhran nəinki başa çatmadı, həm də dərinləşdi və üçüncü fazasına daxil oldu. Üçüncü faza da özünü neftin qiymətinin kəskin aşağı düşməsi, milli valyutaların dollara nisbətən zəifləməsi və iqtisadi münasibətlər tempinin aşağı düşməsi ilə xarakterizə olunur. Eyni zamanda 2-3 il əvvəl başlayan və əsas neft ölkələrində qeyri-sabitlik, siyasi və hərbi vəziyyətin gərginləşməsi, müharibə şəraiti, qaçqınlar ordusunun yaranması ilə müşayiət olunan ümumdünya böhranının dərinləşməsi dünyaya bağlı olan Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib”.
Teleqraf.com xəbər verir ki, bunu deputat Musa Quliyev deyib.
Onun fikrincə, Azərbaycanın potensial imkanları manevr etmək baxımdan bir çox ölkə ilə müqayisədə çoxdur: “Cənab prezident 2008-ci ildə bu istiqamətlərin hara qədər gedəcəyini bilərək müəyyən proqramlar hazırladı. Sonradan bu proqramlar imzalandı. Məsələn, Azərbaycanda regionaların iqtisadi-inkişaf proqramı. Artıq bu adda iki-üç proqram həyata keçirildi. Regionların infrastruktur mənzərəsi dəyişdi - yollar salındı, iş yerləri açıldı və s. Son 2 ildə neftin qiyməti aşağı düşdü. Bununla bağlı Azərbaycan öz iqtisadiyyatının yeni mərhələsinə, post-neft mərhələsinə qoydu. Bu da hökumət səviyyəsində elan edilib. Prezidentin son 1,5 il ərzində verdiyi sərəncam və fərmanlar iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yönəlik tədbirlərdir. 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsi təsadüfi bir hadisə deyildi. Ondan əvvəl isə "Turizm ili" elan edilmişdi. Bu qeyri-neft sektorunun inkişafı ilə bağlı Azərbaycan hökumətinin siyasi baxışlarını göstərirdi”.
M.Quliyev deyib ki, bu ilin oktyabrında da prezident 11 istiqamət üzrə sərəncam və fərman imzalayıb, beləcə Azərbaycan iqtisadiyyatının yol xəritəsini təsdiq edib: “İndi Nazirlər Kabineti bununla bağlı əməli işə başlayıb. Azərbaycan post-neft dövrünə qədəm qoyduğunu həm siyasi, həm iqtisadi islahatların yönümü səviyyəsində elan edir. Bundan sonra Azərbaycan iqtisadiyyatının neftdən asılılığı mərhələ-mərhələ aşağı düşəcək. Hazırda Azərbaycanda ümum daxili məhsulun 70 % çoxu qeyri-neft sektorunun hesabına formalaşır. Amma büdcənin də bu şəkildə formalaşması üçün valyuta gətirəcək sahələrin inkişaf etdirilməsi, bazarların tapılması və ölkədən valyuta axının məhdudlaşdırılması üçün daxili istehsalın gücləndirilməsi prosesi başlayıb. Fikrimcə, texnoparkların yaradılması bu sahədə müsbət effekt verəcək. Eləcə də sənaye komplekslərinin yaradılması effektiv olacaq. Kənd təsərrüfatında ənənəvi sahələr olan pambıqçılıq, baramaçılıq, üzümçülüyün inkişafı dvidentlər gətirəcək. Yeni sahələr, xüsusilə fındıqçılıq və badamçılığın inkişafı ilə bağlı prezidentin göstərişləri olub. Bütün bunlar inkişafa gətirib çıxaracaq. Turizmlə bağlı prezidentin proqram xarakterli göstərişləri var. Eləcə də turizmlə bağlı qanun layihəsi yəqin ki, parlamentdə qəbul ediləcək. Azərbaycanda artıq son 2 ildə turizmin inkişafının şahidi oluruq. Yeni il qabağı bir turist obyektində boş yeri yox idi. Bunlar daxili turistlər tərəfindən dolan yerlər idi. Xaricdən ölkəmizə gələnlərin sayı artıb”.
Deputat qeyd edib ki, Azərbaycan dünyanın bir tərkib hissəsidir: “Dünyada gedən proseslərin Azərbaycana müsbət təsiri olduğu kimi mənfi təsirləri də olur. Amma müsbət təsirlərdən yararlandığımız kimi mənfi təsirlərin də qarşısını almaq üçün hər cür imkanlarımız var. İstər iqtisadi, istərsə də siyasi baxımdan. Ən əsası ölkədə daxili sabitliyin olmasıdır. Əgər bir ölkədə daxili sabitlik yoxdursa, orada iqtisadi inkişafdan söhbət gedə bilməz”.
Cavad