3 Fevral 2017 16:21
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrellin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Aydın Əliyev 1994-cü ilin sentyabr ayında ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Bakıda dünyanın ən iri neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi"nin müstəqil Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatında çox mühüm tarixi anlardan biri olduğunu diqqətə çatdırıb.

Azərbaycanda fəaliyyət göstərən ən iri neft şirkəti kimi BP ilə gömrük orqanları arasında mövcud əlaqələrdən məmnunluqla söhbət açan Komitə sədri bu istiqamətdə gömrük orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini, gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin daha operativ surətdə aparılmasını təmin etmək üçün ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.

25 yaşlı Azərbaycan gömrüyünün keçdiyi inkişaf yoluna nəzər salan Aydın Əliyev gömrük orqanlarının peşəkar kadrların hazırlanması, gömrük işi sahəsində informasiya texnologiyalarının tətbiqi, beynəlxalq əlaqələrin və əməkdaşlığın gücləndirilməsi, hüquqpozmalara qarşı mübarizə və digər sahələrdə əldə etdiyi mühüm nailiyyətlərdən də bəhs edib.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell ilk olaraq Azərbaycan Gömrük Xidmətinin yaradılmasının 25 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, "Əsrin müqaviləsi"ndən sonra ilkin neftin əldə olunması, bu istiqamətdə layihələrin uğurla həyata keçirilməsi yolunda BP şirkəti tərəfindən çox mühüm işlər görüldüyünü söyləyib, ötən illər ərzində Dövlət Gömrük Komitəsi ilə birbaşa qurulan müsbət əlaqələrdən bəhs edib.

Qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib. Şirkətin həyata keçirdiyi irimiqyaslı layihələrin icrasında gömrük orqanlarının müstəsna rolundan danışan Qordon Birrell gömrük sistemi ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu, uzun illərdən bəri mövcud olan bu işgüzar əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə həmçinin hər iki qurum arasında əlaqələrin səmərəliliyinin artırılması məqsədilə gələcəkdə keçiriləcək, xüsusilə gömrük sahəsində təhsil alan tələbələrin iştirak etdiyi tədbir və proqramlarda qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib. Sonra Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrellin"Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə" Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin döş nişanı ilə təltif olunduğunu qeyd edərək, döş nişanını qonağa təqdim edilib.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell isə öz növbəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə xatirə hədiyyələri təqdim edib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər