Azərbaycanda Lənkəran iqtisadi rayonu çay istehsalının 91 faizini təşkil edir. Ötən illərdə bu sahənin tənəzzülü özünü çay plantasiyalarının sayının azalmasında, eləcə də istehsalın aşağı düşməsində də göstərib.
Teleqraf.com-un məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini Vahid Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda çay plantasiyaları 1911 hektar azalıb. Bu illər ərzində ən pis göstərici Lənkəran iqtisadi bölgəsində qeydə alınıb: əkin sahəsində 66,8 faiz, istehsalda isə 23,5 faiz azalma baş verib.
Azərbaycanda çayçılığın şöhrətini geri qaytarmaq üçün atılan addımlardan danışan ekspert bildirib ki, çayçılığın təşkilinin, çay istehsalının, habelə çay məhsullarının keyfiyyətinin təmin edilməsi və digər məsələlərin tənzimlənməsi məqsədilə 2002-ci il dekabrın 17-də “Çayçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiqlənib.
Bu sahənin inkişaf etdirilməsi üçün “Azərbaycan Respublikasında 2017-2026-cı illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”nın layihəsi işlənib hazırlanır. Proqramın həyata keçirilməsi nəticəsində çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənəcək, çay plantasiyalarının əkin sahəsi 13 min hektar artırılaraq 17 min hektara çatdırılacaq.