Dolların məzənnəsi Türkiyədə də düşməyə başlayıb.
Teleqraf.com qonşu ölkənin mediasına istinadla xəbər verir ki, hazırda Türkiyədə dolların kursu 6 yanvardan sonra ən aşağı səviyyəyə enib.
Bu günə dollar 3.5806 TL səviyyəsi ilə başlayıb. Dolların kursunda eniş ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) yaxın zamanda uçot dərəcələrini qaldırmayacağı ilə bağlı açıqlamasından qaynaqlanıb.
***
10:45
Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərini ucuzlaşdırıb.
Teleqraf.com Fins.az-a istinadla xəbər verir ki, səhər saatlarından banklar 1 dolları 1.7300 manatdan baha alır, 1.8000 manatdan da yüksək satır.
Dünən “Amrahbank” dolları 1.7600 manata alıb, satış isə 1.8150 manata satırdı. İndi isə 1.7500 manata alır, 1.8000 manata satır.
“Turanbank” da qiymətləri ucuzlaşdırıb. Bank bu gün dolları 1.7400 manata alır, 1.8100 manata satır. Dünən isə bu göstəricilər 1.7600 və 1.8300 manat olub.
“NikoilBank”da ötən gün dolların alışı 1.7500 manata, satışı isə 1.8200 manat olub. Bu səhər isə bank 1 dolları 1.7300 manata alır, 1.8100 manata satır.
Məsləyə münasibət bildirən iqtisadçı Vüqar Bayramlı da bildirib ki, fevralın 22-dən banklarda yenidən dollara tələbin azalması müşahidə edilir:
"Bu isə özünü valyuta məzənnəsində göstərməkdədir. 2 gün öncə 1 dolları 1.80 manata alan banklar bu gündən həmin məzənnəyə satış edirlər. Yəni, dolların satış kursu 1.80 manat müəyyənləşdirilib. Bu o deməkdir ki, rəsmi məzənnə dəyişməsə belə, son 2 gündə banklarda dollar ucuzlaşıb.
Banklar bunu son 2 gündə dollar alanların sayının azalması ilə izah edirlər. Valyuta bazarındakı mövcud vəziyyəti nəzərə alsaq bu gün banklar hərraca daha az dollar sifarişi ilə getməlidirlər. Amma bu belə olacaqmı? Müdaxilə olmadığı halda valyuta bazarının qaydaları bunu tələb edir.
Amma təəssüf ki, bankların spekulyativ müdaxilələri həm yığımlara, həm də xarici valyutaya tələbə təsir göstərməkdədir. Bu baxımdan, bugünkü hərracın nəticələri eyni zamanda valyuta bazarının sifarişlərə necə təsir edəcəyini də göstərəcək.
Bununla belə, öncədən proqnozlaşdırdığımız kimi, dollara tələbin mart ayında yenidən artacağı gözlənilir".