24 Fevral 2017 23:13
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda səfərdə olan Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti və Komissiyanın həmsədri, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Araz çayı üzərində reallaşdırılan “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi layihəsinin icrasının gedişi tanış olublar.

Bu barədə Teleqraf.com-a Azərbaycan İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ş.Mustafayev bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il 23 fevral tarixində İrana rəsmi səfəri zamanı “Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanıb: “Sazişdə Azərbaycan və İran suverenliyi və ərazi bötüvlüyünə hörmət prinsipləri bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi, hər iki tərəfin “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları boyu bütün su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanır”.

Sazişdə həmçinin, hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması, eləcə də Azərbaycanın ərazi bütövlüyü bərpa edilənədək hidroqovşaqlarda və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunması və istismarının İran tərəfindən təmin edilməsi və tərəflərin bu obyektlərdən bərabər əsaslarla yararlanması əks olunub.


Müəllif: