28 Fevral 2017 15:48
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aparılan uğurlu və düşünülmüş iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı son illərdə sürətli inkişaf mərhələsindən keçib”.

Teleqraf.com xəbər verir ki, bu barədə vergilər naziri Fazil Məmmədovun Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) saytında yerləşdirilmiş məqaləsində deyilir.

Nazir qeyd edib ki, neft gəlirlərinin səmərəli istifadəsi sayəsində ölkə iqtisadiyyatının diversifikasiyasına müvəffəq olunub: “Qeyri-neft sektorunun inkişafında əhəmiyyətli irəliləyişlər əldə edilib. İnkişaf etməkdə olan ölkəmiz istər regionda, istərsə də dünya miqyasında yüksək artım templəri nümayiş etdirən dövlətlərdən biri kimi tanınır.

Son bir neçə ildə dünya iqtisadiyyatı qlobal transformasiyaların, mövcud siyasi-iqtisadi problemlərin təsiri nəticəsində yenidən durğunluq və tənəzzül meyilləri ilə üzləşib. Milli iqtisadiyyatların kənar təsirlərə qarşı həssaslığının artdığı bir vaxtda inkişaf proseslərinə təsir göstərən qlobal faktorların da sayı ciddi şəkildə artıb, bütün ölkələrin bu və ya digər dərəcədə qlobal böhranın təsirlərinə və onun doğurduğu fəsadlara məruz qalması qaçılmaz hal alıb”.

Fazil Məmmədovun sözlərinə görə, zamanın iqtisadi gerçəkliklərinə hər zaman çevik münasibəti ilə fərqlənən ölkəmizdə son illər həyata keçirilən qabaqlayıcı iqtisadi-sosial siyasət nəticəsində belə qlobal böhranların fəsadları minimallaşdırılıb: “Neft gəlirlərinin ölkənin qeyri-neft sektorunda alternativ gəlir mənbələrinin yaranmasına yönəldilməsi istiqamətində aparılan işlər, bu sahəyə xarici investisiyaların cəlb edilməsi, işgüzar mühitin və biznesin fəaliyyəti üçün yaradılan şərait Azərbaycanın müxtəlif böhranların uzunmüddətli təsirlərinə qarşı dayanıqlı iqtisadi bazasının formalaşmasına imkan verib”

Nazir qeyd edib ki, son bir neçə ildə dünya iqtisadiyyatının yeni tsiklə daxil olması, dünya enerji bazarlarında neftin kəskin ucuzlaşması bütün neft ixracatçısı ölkələrinə, o cümlədən Azərbaycana da təsirsiz ötüşməyib: “Belə bir şəraitdə Prezident İlham Əliyev iqadiyyatımızı liberallaşdırılması, rəqabət qabiliyyətinin artırılmasını, idxaldan asılılığın azaldılmasını, ixracyönümlü qeyri-neft sektorunun əsaslı inkişafının təmin edilməsini, insan kapitalından səmərəli istifadə edilməsi məqsədilə iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılmasını, bu istiqamətdə davamlı və ardıcıl islahatların aparılmasını hökumətin qarşısında 2016-cı il üçün mühüm vəzifə olaraq müəyyənləşdirib. Beləliklə, yeni iqtisadi strategiyanın hazırlanması və müvafiq institusional və konseptual islahatların həyata keçirilməsi ciddi bir zərurət olaraq ortaya çıxıb”.

İlhamə ƏBÜLFƏT


Müəllif: