28 Mart 2017 16:46
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 28-də Xaçmaz Gömrük İdarəsinin Rusiya-Azərbaycan sərhədində yerləşən "Samur" sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsi və Rusiya Federasiyası Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsinin əməkdaşları arasında növbəti işçi görüş keçirilib.

DGK mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məlumata görə, görüşdə qarşılıqlı əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub, ilkin məlumat mübadiləsi, yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sinxronlaşdırılması və digər sahələrdə səylərin artırılmasının vacibliyi vurğulanıb.

Görüşdə son günlərdə Azərbaycandan Rusiya Federasiyasına ixrac edilən kənd təsərrüfatı məhsullarının mənşəyinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndərilməsi və müvafiq ekspert rəylərinin yubadılması qarşı tərəfin diqqətinə çatdırılıb və bildirilib ki, daşıdıqları yüklərə dair ekspertiza sənədləri adı ilə nəqliyyat vasitələrinin saxlanılması əlavə xərclərə, məhsulların sıradan çıxmasına, təyinat məntəqəsinə vaxtında çatmamasına səbəb olur.

Rusiya nümayəndə heyətinin üzvləri bu məsələ ilə bağlı müvafiq qurumları məlumatlandıracaqlarını, bundan başqa, yaxın günlərdə kənd təsərrüfatı məhsullarının ekspertizasının qısa vaxt ərzində və operativ şəkildə həyata keçurulməsi məqsədilə bu sahədə ixtisaslaşmış ekspertlərin sərhəd-keçid məntəqələrində fəaliyyətə başlayacaqlarını diqqətə çatdırıblar.

Tərəflər qarşılıqlı əməkdaşlıq və məlumat mübadiləsinin gücləndirilməsinin sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, ümumi işə fayda verəcəyinə əminliklərini ifadə ediblər.


Müəllif:

Oxşar xəbərlər