“2018-ci ildə qeyri-neft sektoru Azərbaycana böyük gəlirlər gətirəcək”
Tanınmış iqtisadçı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik.
– Vahid müəllim, martın 28-də Saatlıda Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsinə münasibətinizi bilmək istərdik…
– Müşavirə əsasən, ölkədə pambıqçılığın inkişafı ilə bağlı idi. Düzdür, Prezident aparılan islahatla əlaqədar olaraq başqa mesajlar da verdi. Bilirsiniz ki, Azərbaycanda strateji yol xəritələri təsdiq edilib. 2016-cı ildən artıq bunun icrasına başlanılıb, bir sıra işlər həyata keçirilir. Qeyri-neft sektorunun inkişafına diqqət artırılıb. Qeyri-neft sektorunun bir sahəsi də pambıqçılıq olduğu üçün 2016-cı ildə pambıqçılığın inkişafı istiqamətində müəyyən işlər görüldü, torpaq sahələri ayrıldı. Əlavə vəsaitlər verildi. Hazırda pambıq yığımında, pambığa pul ödənilməsində heç bir problem yoxdur. Amma indi istehsalı daha da artırmaq əsas məqsəd kimi qarşıya qoyulub. 2016-cı ildə 90 min tona yaxın məhsul əldə edilib. İndi isə hardasa 300 min tona yaxın məhsul əldə edilməsinə çalışılır. Cənab prezident də bu məsələyə çox böyük diqqət yetirərək faktiki olaraq pambıq istehsal edən rayonlara səfərlər edir. Pambıqçılığa dair ilk müşavirə ötən il Sabirabad şəhərində keçirildi. Dünən də Saatlı şəhərində geniş müşavirə baş tutdu və prezident bir daha əhali ilə bağlı məsələlərə, subsidiyalar məsələsinə toxundu. Pambıqçılığın Azərbaycanda iş yerlərinin açılmasına böyük təsir etdiyini, 200 mindən çox insanın pambıqçılıqla məşğul olduğunu qeyd etdi və sair. Yəni, bu sahəyə diqqət çox vacibdir. Söhbət yalnız pambığın becərilməsindən getmir. Onun emalından da ciddi şəkildə söhbət gedir. Çünki Azərbaycanda yeni pambıqtəmizləmə zavodlarının tikintisinə başlanılacaq, hazırda 22 zavod fəaliyyətdədir, onların işləməsinə nəzarət mexanizmləri və sair kimi məsələlər var. Yəni, pambıqçılıq çox ciddi bir sahə olduğu üçün dövlət bu sahəyə xüsusi fikir verir. Bu da Azərbaycanda qeyri-neft sektorunun inkişafına, ölkəyə əlavə valyutanın daxil olmasına şərait yaradacaq.
– Ümumiyyətlə, qeyri-neft-sektorunun inkişafı istiqamətində görülən işləri necə qiymətləndirirsiniz?
– Mən deyərdim, əlbəttə, müəyyən sahələrdə irəliləyişlər var. Əvvəla, kənd təsərrüfatı sahəsini nəzərdə tuturam. Bu sahəyə cənab prezidentin diqqəti çox yüksəkdir. Düzdür, kənd təsərrüfatı çox gəlirli sahə olmasa da, həm iş yerlərinin olması, həm əhalinin müəyyən pul gəlirlərinə malik olması üçün bu sahənin inkişafı çox vacibdir. İkincisi, sənaye sahəsinə diqqət yetirilməsinə başlanılıb. Sənaye məhəllələrinin, sənaye parklarının yaradılması prosesi gedir. Məsələn, Sumqayıtda, Mingəçevirdə, Balaxanıda sənaye parklarının yaradılması, Ələtdə yeni böyük dəniz ticarəti limanının tikintisinə başlanılması, keçən ildən bu sahədə işlərin getməsi, Azərbaycanın ümumiyyətlə, beynəlxalq nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində aparılan işlər hamısı onu göstərir ki, cənab prezidentin qəbul etdiyi strateji yol xəritəsinin həyata keçirilməsi istiqamətində ciddi işlər gedir.
– Bəs, əsas çətinliklər nədən ibarətdir?
– Düzdür, biz bir çox qanunlara, vergi, gömrük məcəllələrinə dəyişikliklər etmişik. 2016-cı ilin axırlarından indiyədək vergi sistemində çox böyük dəyişikliklər həyata keçirilir. Amma biz elə şərait yaratmalıyıq ki, sahibkarlar Azərbaycana daha çox investisiya qoymaqda maraqlı olsunlar. Məsələn, biz bütün işləri dövlət büdcəsi hesabına həyata keçirə bilmərik. Bizə lazımdır ki, Azərbaycana investisiya daxil olsun. Xarici investorlar da Azərbaycana investisiya daxil olmasında maraqlıdırlar. Fikir verirsinizsə, son vaxtlar Azərbaycana turist axını xeyli güclənib. Ancaq investisiya yatırmaq üçün biz elə şərait yaratmalıyıq ki, insanlar pullarını aparıb xaricdə saxlamasınlar. Gətirib Azərbaycana investisiya qoysunlar və arxayın olsunlar ki, onların mülkiyyəti toxunulmaz olacaq. Mülkiyyətin toxunulmazlığı çox ciddi məsələdir. Yəni, bu kimi məsələlər var ki, bunların üzərində Azərbaycan hökuməti də, biz də Milli Məclis olaraq işləməliyik.
– Pambıqçılıqda və kənd təsərrüfatının digər sahələrində artımı rəqəmlərlə ifadə edə bilərsinizmi?
– Məsələn, 2015-ci ildə cəmi 35 min ton pambıq tədarük edilmişdisə, keçən il 90 min tona yaxın məhsul əldə edildi. Bu, pambıq istehsalının 3 dəfə artımı deməkdir. İndi həm pambığın emalı üçün yeni pambıqtəmizləmə zavodları, həm də yeni sənaye, toxuculuq müəssisələri tikiləcək. Həm pambıq lifinin, həm ip emalı, həm də müəyyən parça emalı və s. üçün fabrik və zavodlar tikilib istifadəyə verildikdən sonra çoxlu iş yerləri açılacaq. Bunun üçün zaman lazımdır. Biz bunun hardasa 2017-ci ilin axırları, 2018-ci ildə şahidi olacağıq. Hazırda ölkədə faktiki olaraq bu işlərə hazırlıq gedir. Əgər biz strateji yol xəritələrində nəzərdə tutulan bütün işləri həyata keçirsək, 2018-ci ildə ciddi problemimiz olmayacaq. Yəni, qeyri-neft sektoru artıq Azərbaycana ciddi gəlirlər gətirəcək.
– Doğulub boya-başa çatdığım Ucar rayonunda pambıqtəmizləmə zavodu mövcud idi. Uzun illər bu müəssisə fəaliyyətsiz qalmışdı. Ötən ilin noyabrından 87 yaşlı pambıqtəmizləmə zavodu yenidən fəaliyyətə başlayıb. Müəssisə bu il Ağsu, Zərdab, Ağdaş, Ağcabədi, Kürdəmir, Ucar və Göyçay rayonlarında 143 fermerlə müqavilə bağlayıb. Ümumi pambıq sahəsi 3 min hektarı əhatə edir. Gözlənilən proqnoz isə 6 min ton pambıq istehsalıdır. Əvvəllər 80-90 nəfərin işlədiyi zavodda hazırda təxminən 200 nəfər çalışır. Yəqin ki, pambıq istehsalı artdıqca digər rayonlardakı pambıqtəmizlə zavodları da işə düşəcək…
– Dünən cənab prezident çıxışı zamanı bildirdi ki, hazırda 22 pambıqtəmizləmə zavodu fəaliyətdədir və bu zavodların emal gücü 400 min tondur. Gələcəkdə, pambıq istehsalı artdıqca – bir vaxtlar olduğu kimi 1 milyon ton pambıq istehsal edəcəksə, o zaman bir neçə ildən sonra bizə yeni pambıqtəmizləmə zavodları lazım olacaq. O zaman ya yeni zavodlar tikiləcək, ya da köhnələri bərpa olunacaq. Yəni, bu sahədə işlər paralel getdiyi üçün mən arxayınam ki, çox ciddi irəliləyiş olacaq.
– Kənd təsərrüfatının digər sahələrinin inkişafı ilə bağlı nə demək mümkündür?
– Bəli, kənd təsərrüfatında təkcə pambıqçılığın inkişafına diqqət yetirilmir. Kənd təsərrüfatının digər sahələrinin də inkişafına çox böyük diqqət yetirilir. Mən sizə açığını deyim, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına cənab prezidentlə yanaşı Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev də ciddi diqqət yetirir. Onun rəhbərliyi altında mütəmadi olaraq müşavirələr keçirilir. Həmin müşavirələrdə rayon icra hakimiyyətlərinin başçıları, müəssisə rəhbərləri iştirak edirlər. Bu zaman baramaçılığın, ipəkçiliyin, tütünçülüyün, meyvəçiliyin, o cümlədən fındıq istehsalının genişləndirilməsi yolları müzakirə olunur. Məsələn, bizim şimal bölgəmizdə hazırda fındıqçılığın inkişafı ilə əlaqədar ciddi işlər aparılır. Çalışılır ki, 2017-ci ilin axırları, 2018-ci ilin əvvəlində Azərbaycanda bu sahədə çox ciddi artım olsun. Yəni, hərtərəfli işlər gedir. Biz bu işlərin müəyyən müddətdən sonra – xüsusən 2018-ci ildə bəhrəsini görəcəyik.
Səxavət HƏMİD