SOCAR Rusiyanın "Qazprom" şirkətindən il ərzində idxal olunan qazın həcmini 5 mlrd. kubmetrədək çatdırmaq niyyətindədir.
Teleqraf.com-un məlumatına görə APA "Prime" agentliyinə istinadla xəbər verir ki, bunu "SOCAR Polymer" şirkətinin baş direktoru Fərid Cəfərov bildirib.
Onun sözlərinə görə, hələlik şirkətlər arasında bu mövzu ətrafında danışıqlar davam edir. "Müzakirələr davam edir", - deyə o jurnalistlərin müvafiq sualını cavablandırarkən bildirib.
Qeyd edək ki, 2016-cı ilin may ayında SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, SOCAR Rusiyadan alınan qazın həcmini 5 mlrd. kubmetrə çatdırmaq niyyətindədir. Onun sözlərinə görə, Rusiya tərəfinə bununla bağlı müvafiq bildiriş göndərilib.
2015-ci ilin sentyabr ayından etibarən SOCAR və "Qazprom" illik 2 mlrd. kubmetr həcmində təbii qazın nəqli ilə bağlı razılığa gəliblər.
Teleqraf.com bildirir ki, son aylar əhaliyə təbii qazın verilişində çoxsaylı kəsintilər olur. Qeyri-rəsmi məlumatlara görə, ölkənin qaz ehtiyatında çatışmazlıq var. Əhalinin idxal qazla təminatı isə qiymətlərin yenidən qaldırılmasını gündəmə gətirə bilər.