Əmlak Məsələləri Dövlət Komitəsi mayın 10-da yeni hərrac keçirəcək.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, hərraca ümumilikdə 99 əmlak çıxarılıb ki, bunlardan 21-i səhmdar cəmiyyəti, 38-i kiçik dövlət müəssisə və obyekti, 29-u istifadəsiz qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri Sabirabad, Ağsu, Bərdə, Şirvan, Lənkəran, Tərtər, Kürdəmir rayonlarında yerləşir. Əsasən sənaye, nəqliyyat, təmir, quşçuluq, qida və digər sahələrə aiddir. Onların nizamnamə kapitalı 69 min manatla 851 min manat arasında dəyişir.
Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan və ilkin start qiyməti ən yüksək olan əmlak “Sabirabad Mexanikləşdirmə” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30%-i 127 min 552 manata təklif olunur.
Bundan başqa, qiymətində digərlərindən fərqlənən əmlak “Zaqatala Fındıq” Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın səhmi 125 min 992 manata təklif edilir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən əmlak İmişli Yardımçı Təsərrüfatı olacaq. Bu əmlak 500 min manata təklif edilir.
Şəmkir şəhərində yerləşən Yun Tədarükü Məntəqəsi 350 min manat, Gəncədəki Təsərrüfat hesablı poliklinika 212 min 500 manat olmaqla qiyməti ilə seçilənlər sırasındadı.
İlhamə ƏBÜLFƏT