13 Aprel 2017 19:43
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Energetika naziri Natiq Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.

Energetika Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə mayın əvvəlində keçiriləcək “Hyuston Offşor Texnologiya Konfransı”, enerji sahəsində əməkdaşlıq, enerji təhlükəsizliyi və dünya enerji bazarında son vəziyyəti əhatə edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ABŞ səfiri konfrans barədə məlumat verib. Bildirib ki, bu tədbir dəniz ehtiyatları və ətraf mühit məsələləri üzrə elmi-texniki biliklərini təkmilləşdirmək məqsədilə enerji mütəxəssislərinin fikir mübadiləsi apardıqları mühüm bir platformadır.

Yüz ölkəni təmsil edən 2300-dən çox sərgi iştirakçısının qatıldığı konfrans neft-qaz sənayesi üçün qlobal əhəmiyyətə malikdir. Səfir SOCAR-ın timsalında Azərbaycanın konfransda iştirakının Xəzərin enerji resurslarının, enerji mərkəzi kimi imkanlarının nümayişi baxımından vacibliyini diqqətə çatdırıb.

R. Sekuta “Cənub Qaz Dəhlizi” layihəsinin gedişatı ilə də maraqlanıb. N. Əliyev səfiri layihə üzrə işlərin gedişatı və mövcud çətinliklər barədə məlumatlandırıb. Nazir "Şahdəniz-2", "Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi", TANAP layihələri üzrə işlərin qənaətbəxş səviyyədə olduğunu, lakin İtaliyada TAP layihəsinin tikintisi ilə bağlı bir sıra çətinliklərin hələ də qaldığını deyib. Bu problemlərin "Cənub Qaz Dəhlizi" layihəsinin vaxtında yekunlaşmasına mümkün təsirlərindən narahatlığını ifadə edib. İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalendanın TAP layihəsi ilə bağlı mövqeyini yüksək qiymətləndirən N. Əliyev, ümumilikdə, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü görüşünün işlərin sürətlənməsinə və prosesin irəliyə aparılmasına töhfə verdiyini də vurğulayıb.

Səfir isə ABŞ-ın “Cənub Qaz Dəhlizi” layihəsinin icrasını daim diqqətdə saxladığını və dəstəyinin davamlı olduğunu bildirib.

Toplantıda Azərbaycan-ABŞ enerji əməkdaşlığının digər istiqamətləri üzrə də müzakirələr aparılıb.


Müəllif: